DİN parlament seçkilərində təhlükəsizliyin təmin olunması üçün xüsusi tədbirlər planı hazırlayıb

DİN parlament seçkilərində təhlükəsizliyin təmin olunması üçün xüsusi tədbirlər planı hazırlayıb Oruc Zalov: "Əgər görüşlər zamanı kimsə qanunazidd hərəkət edərsə, polis bunun qarşısını qətiyyətlə alacaq"
Sosial müdafiə
21 Avqust , 2015 12:29
DİN parlament seçkilərində təhlükəsizliyin təmin olunması üçün xüsusi tədbirlər planı hazırlayıb

Bakı. 21 avqust. REPORT. AZ/ "Əmin ola bilərsiniz ki qarşıya çıxan bütün məsələlər tam həll olunacaq. Qaldırılan hər bir məsələyə baxılacaq".

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib. 

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi MSK ilə birlikdə sentyabrdan başlayaraq seçkidə təhlükəsizliyi təmin edən polislər üçün treninqlər və tədbirlər keçirəcək: "Polis orqanları hər bir seçən və seçilənin hüquqlarını qorumağa borcludur".

Nazir müavini qeyd edib ki, deputatlığa namizədlərin görüşlərində təhlükəsizlik tam təmin olunacaq və onların seçki kampaniyası aparması üçün təhlükəsiz şərait yaradılacaq: "Əgər görüşlər zamanı kimsə qanunazidd hərəkət edərsə, polis bunun qarşısını qətiyyətlə alacaq. Yerli icra orqanları və seçki komissiyaları bu görüşlər barədə əvvəlcədən məlumatlandırılmalıdır ki, polis həmin görüşlər zamanı təhlükəsizliyi təmin etsin. Ancaq razılaşdırılmamış yerlərdə tədbirlər keçirilərsə, qanunazidd şüarlar səsləndirilərsə, polis bütün gücü ilə bu halların qarşısını alacaq.

Ölkəmizdə mövcud olan sabitlik bundan sonra da qorunub saxlanacaq. Bizim əvvəlki illərdə qazandığımız təcrübə bu işi də uğurla başa vurmağa kömək edəcək".

O.Zalovun sözlərinə görə, DİN seçki zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması məqsədilə xüsusi tədbirlər planı hazırlayıb.

O qeyd edib ki, DİN seçki ərəfəsində 18 yaşı tamam olan vətəndaşların sənədlə bağlı olan problemlərini həll etmək üçün "ASAN xidmət"lə əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi