Ekspertlərdən şəhid analarının adından istifadə edən namizədlərə sərt ittihamlar: “Qeyri-səmimidirlər”

Ekspertlərdən şəhid analarının adından istifadə edən namizədlərə sərt ittihamlar: “Qeyri-səmimidirlər” “Bu gün şəhid ailələrindən, Qarabağ qazilərindən ikiəlli yapışanların, onların qarşısında diz çökənlərin, əllərindən öpənlərin səmimiyyətinə zərrə qədər də inanmıram”.
Sosial müdafiə
31 Yanvar , 2020 14:59
Ekspertlərdən şəhid analarının adından istifadə edən namizədlərə sərt ittihamlar: “Qeyri-səmimidirlər”

“Bu gün şəhid ailələrindən, Qarabağ qazilərindən ikiəlli yapışanların, onların qarşısında diz çökənlərin, əllərindən öpənlərin səmimiyyətinə zərrə qədər də inanmıram”.

Bunu “Report”a açıqlamasında "Moderator.az" saytının baş redaktoru, siyasi şərhçi Zülfüqar Hüseynzadə deyib.

Onun sözlərinə görə, indiki deputatlığa namizədlərin bəziləri 5 il deyil, 15-20 ildir Milli Məclisin üzvləridir: “Azərbaycandakı şəhidlərin çoxu 20-25 il bundan qabaq Vətən uğrunda canlarından keçiblər. Deputatların heç biri indiyə qədər şəhid ailələrinin evinə getdiyini, anasının-atasının əlini öpdüyünü göstərə bilməz. Əgər biri bunu sübut etsə, o zaman demək olardı ki, indiki hərəkətləri də səmimidir. Səmimiyyət əməldədir və deputatlar şəhid ailələrinə qayğı ilə bağlı əməldə heç bir iş görməyiblər.

Bu məsələdə şəhid ailələrindən də narazıyam. Şəhid anaları əllərini o deputatlığa namizədlərə uzatmamalı idilər. Deməliydilər ki, mənim əlimdən öpmə. Namizədlərdən soruşmalı idilər ki, mənim övladımın qisasını almaq, onun ruhunu rahat etmək üçün indiyə qədər hansı işlər görmüsən? Milli Məclisdə nə zaman şəhid ailələri ilə bağlı məsələ qaldırmısan?

Mən 20 ildir parlament jurnalistiyəm, bütün iclaslarda orada oluram. Deputatların 99 faizi Qarabağla bağlı, şəhidlərin narahat ruhunun rahatlıq tapması üçün heç bir təklif səsləndirməyiblər.

"Deputatların 99 faizi Qarabağla bağlı, şəhidlərin narahat ruhunun rahatlıq tapması ilə bağlı heç bir təklif səsləndirməyiblər".

Zülfüqar Hüseynzadə

Siyasi şərhçi

Bu gün deputatlığa namizədlərin 90 faizinin seçki şüarında da Qarabağla bağlı heç bir ifadə yoxdur. Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti Qarabağla bağlı iliyinə-qanına qədər qeyri-səmimidir. Bu qeyri-səmimilik namizədlərin şüarlarına və davranışlarına da hopub.

Ümumiyyətlə, şəhid ailələri ələbaxımlı olmamamalıdır. Şəhid ailələri onun üzərinə gələn deputata, məmura deməlidir ki, mən ac-susuz qalmağa hazıram, amma övladımın qisasının alınması lazımdır. Sağlığımda görməliyəm ki, qisas alındı”.

Z.Hüseynzadə Mili Məclisin gələcək deputatlarına tövsiyə də verib. O bildirib ki, hazırkı namizədlər şəhid ailələrinə münasibətdə səmimidirlərsə, parlamentin ilk iclasında Qarabağ fraksiyasının yaradılması ilə bağlı məsələ qaldırmalıdırlar: “Milli Məclisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçirilməlidir. Ali Baş Komandandan xahiş edilməlidir ki, işğalçı ölkəyə konkret vaxt verilsin. Əgər konkret vaxt ərzində məsələ həllini tapmasa, müharibə elan edilsin. Azərbaycanın 10 milyon əhalisi var. Onun 1 milyonu qırılsa belə torpaqlarımız işğaldan azad olunmalıdır”.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Ceyhun Məmmədovun vəkili, ekspert Seymur Verdizadə də deputatlığa bəzi namizədlərin şəhid ailələrindən sui-istifadə etməsinə etirazını bildirib: “Ceyhun Məmmədov seçicilərinə münasibətdə ayrı-seçkilik etmir. O, bütün seçicilərinin problemlərinə həssas yanaşır, onların qayğıları ilə yerində maraqlanır. Ceyhun müəllim indiyə kimi 10-a yaxın şəhid ailəsi ilə görüşüb. Amma bununla bağlı sosial şəbəkələrdə cəmi bir dəfə şəkil paylaşılıb. Bu da informativ xarakterli olub. Ceyhun Məmmədovun əxlaqı şəhid ailələrini reklam predmetinə çevirməyə imkan vermir.

"İndiyə qədər şəhid anasına heç bir qayğı göstərməyib, indi onun əlindən öpmək, üzünə gülmək, yumşaq dildə desək, qeyri-səmimilik əlamətidir".

Seymur Verdizadə

Ekspert

Şəhid anasının əlini öpmək hər bir azərbaycanlının borcudur. Amma şəhid anası seçkidən-seçkiyə yada düşməməlidir. 15 il deputat olan adamın icra nümayəndəsinə zəng edib, şəhid anasının ünvanını istəməsi rəzalətdir. Şəhid anasının əlini öpən deputat arada zəhmət çəkib, onun ayağına da baxsın. İndiyə qədər şəhid anasına heç bir qayğı göstərməyib, indi onun əlindən öpmək, üzünə gülmək, yumşaq dildə desək, qeyri-səmimilik əlamətidir. Həmin adamların gənc, savadlı kadrlarla əvəzlənməsinin vaxtı çatıb”.

Qeyd edək ki, deputatlığa namizədlərin şəhid ailələri ilə şəkil çəkdirməsi və onu sosial şəbəkələrdə yayması cəmiyyətdə birmənalı qarşılanmayıb və sərt etirazlara səbəb olub.  

Son xəbərlər

Orphus sistemi