"Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnib. Həmin müharibədə düşmən üzərində əldə edilən qələbə Azərbaycan Ordusunun gücünü həm düşmənlərimizə, həm də bütün dünyaya göstərdi".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun bu gücə sahib olmasını şərtləndirən bir sıra amillər var: "Onlardan biri də Azərbaycan dövləti tərəfindən hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı və sistemli addımların atılması, onların mənzil-məişət problemlərinin həll edilməsi ilə bağlıdır. Onu da deyim ki, sosial dövlət olan Azərbaycanda bu istiqamətdə atılan davamlı addımlar zamanı şəhid ailələri, müharibə əlilləri, o cümlədən Vətən müharibəsi iştirakçıları daim ön sırada tutulur”.
Deputat bildirib ki, bu mənada Milli Məclisin dekabrın 3-dəki iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən Vergi Məcəlləsinə dəyişikliklər bu siyasətin davamlı olduğunu bir daha təsdiqləyir: “Məlumat üçün bildirim ki, bu dəyişikliklərə əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib. Eyni zamanda Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib”.
V.İskəndərov vurğulayıb ki, işğaldan azad etdiyi torpaqları heç bir xarici dəstək almadan öz hesabına bərpa edən bir ölkə üçün büdcəyə qənaət çox mühümdür: “Ancaq Azərbaycanda qəhrəman oğulların və onların ailələrinin rifahı hər zaman ön plandadır. Bu günə kimi qazi və şəhid ailələrinə göstərilən dəstək, həmçinin bəhs etdiyimiz vergi güzəştləri bunun bariz nümunəsidir. Digər tərəfdən, vergi güzəştləri və dövlətin sosial siyasəti həssas qrupların maddi ehtiyaclarını nəzərdə tutmaqla yanaşı, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərməsidir. Bütün bu sadalananlar Azərbaycan dövlətinin bu kateqoriyadan olan insanlara qayğısının hərtərəfli və davamlı olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı, diqqətlə əhatə olunacaqlar”.