Yuxarı

Daxili işlər naziri sıra baxışı keçirəcək

Sıra baxışı may ayının 17-də saat 10.00-da Qəbələ Rayon Polis Şöbəsində olacaq

Bakı. 3 may. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qəbələ, Şəki, Balakən, Qax, Oğuz və Zaqatala polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Qəbələ Rayon Polis Şöbəsində sıra baxışı keçirəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sıra baxışı may ayının 17-də saat 10.00-da olacaq.

Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 25-dək olan, özü və yaxın qohumları məhkum olunmayan, atletik cüssəli, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Qeyd olunan vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunan normativlər üzrə yoxlanılacaq.

Bununla yanaşı, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Fərmanın icrası çərçivəsində mülki işçi vəzifələrinə də Azərbaycan vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək.

Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçən, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmayan Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilən təminatlar şamil olunacaq. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq edən şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Ümumilikdə qeyd olunan rayon polis orqanlarında vakant olan 20 kiçik rəis heyəti və 140 mülki işçi vəzifələrinə qəbul həyata keçiriləcək.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi