Yuxarı

Azərbaycanda cəza çəkməkdən azad edilən 1488 nəfərə birdəfəlik pul müavinəti verilib

Onların gələcək məşğulluğunun dəstəklənməsi məqsədilə peşə reabilitasiyası işləri də görülür

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2015-ci ilin ilk 3 ayında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən 1488 nəfəri birdəfəlik pul müavinəti ilə təmin edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Azərbaycanda penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti ilə təmin olunur.

ƏƏSMN tərəfindən penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcək məşğulluğunun dəstəklənməsi məqsədilə onların peşə reabilitasiyası işləri də görülür. Ötən il həmin şəxslərdən 230 nəfər, bu ilin ötən dövründə isə 16 nəfər əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda ƏƏSMN-in sifarişi ilə Qobustan rayonunda inşa olunan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi sözügedən insanların sosial adaptasiyası işlərinin gücləndirilməsinə xidmət edəcək.

Mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının müdafiəsi, onların müvafiq sahələrdə yardımla təminatı yönündə işlər görəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi