Çe Gevaraya heyranlığın səbəbi - ARAŞDIRMA

Çe Gevaraya heyranlığın səbəbi - ARAŞDIRMA Çe Gevara fanatı​: “Dik dur və gülümsə. Buna görə də Çeni sevirəm”
Sosial müdafiə
6 İyun , 2018 15:38
Çe Gevaraya heyranlığın səbəbi - ARAŞDIRMA
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ Paytaxt Bakının küçələrində tez-tez əfsanəvi inqilabçı Çe Gevaranın əksi olan qısaqol köynək geymiş gənclərə rast gəlirik. Gənclərin kumirinə çevrilən Çe Gevaranın şəkli sosial şəbəkədə bir çox Azərbaycan istifadəçisinin profilini bəzəyir, ona həsr edilən kitablar maraqla oxunur. Azərbaycan gəncinin uzaq Argentinadan olan marksist-inqilabçı Çe Gevaraya olan sevgisi nədən qaynaqlanır? 

“Report”un əməkdaşı məsələni araşdırıb.

Çe Gevaranın fanatı, fotoqraf Ehtiram Jabi inqilabçıya duyduğu sevginin 7-8 yaşından başlandığını bildirib: “Uşaqlıqdan onunla maraqlanmağa, haqqındakı filmlərə baxmağa, kitabları oxumağa başladım. Onun bioqrafiyası, həyat fəlsəfəsi, ideologiyası ilə dərindən tanış oldum və ona olan heyranlığım zamanla daha da böyüdü. Onun ideyaları Azərbaycanda aktualdır. Çe romantik, azad ruhlu bir inqilabçı olub. Günümüzdə gənclərin çoxu onun cəsur ruhuna aşiq olub, yolunu davam etdirmək istəyir. Bunu istər gənclərin düşüncələrindən, istər oxuduqları kitablardan, baxdıqları filmlərdən görmək olur. Hələ gənclərin çoxu üzərində onun əksi olan köynək geyinir və yaxud fərqli aksessuardan istifadə edirlər. Bu artıq çox gənc arasında trendə çevrilib”.

Fotoqraf Ehtiram Jabi

Gənc jurnalist Leyla Məhərrəmova Çe Gevaranı mərdlik, yenilməzlik simvolu kimi qəbul edir: “Dik dur və gülümsə. Qoy nədən güldüyün onları maraqlandırsın. Çe Gevaraya niyə rəğbət bəslədiyimi elə təkcə bu fikri ilə izah edə bilərəm. O bir inqilabçı kimi yenilməzliyin simvoludur mənim üçün. Hesab edirəm, gənclər də ona görə kubalı inqilabçı Gevaranı sevir, dünyanın çox yerində onun ideyalarını dəstəkləyirlər. Gevara ömrünün sonuna qədər öz ideyalarını reallaşdırmaq üçün mübarizə apardı, ədalətsizliyin düşməni kimi ətrafına çoxlu tərəfdaş yığa bildi. Hətta Afrikada da bir müddət yaşayıb inqilabi ideyalarını yaymağa cəhd etdi. Uğursuzluqları onu öz yolundan döndərmədi. Düşmənləri onu fiziki cəhətdən məhv etsələr də, ruhunu, ideyalarını məhv edə bilmədilər. Buna görə də Çeni sevirəm”.

Jurnalist Leyla Məhərrəmova

Psixoloq Nuriyyə Quliyeva gənclərin bir adamı gözündə ideallaşdırması, onu kumirə çevirməsi, hətta həmin insana bənzəməyə çalışması kimi hallara aydınlıq gətirib. Psixoloqun fikrincə, bu, rast gəlinən bir vəziyyətdir: “Valideynlər də bununla bağlı bizə tez-tez şikayətlə müraciət edirlər. Övladlarının kiməsə bənzəməsi, onları təqlid etməsi valideynləri çox narahat edir. Bu kimi hallara daha çox yeniyetmə və gənc yaşlarında rast gəlirik. Bu dövrdə, adətən, gənclər valideyn nəzarətindən azad olur və öz yaşıdlarının təsirinə düşməyə başlayırlar. Qızlarda daha çox modellərə, gözəl görünüşlü serial qəhrəmanlarına bənzəmə halları ilə rastlaşırıq. Oğlanlar isə daha çox futbolçuları, döyüşçüləri özlərinə nümunə götürürlər. Hətta onların adlarını da ləqəb olaraq seçirlər. Adətən, öz güvəni aşağı olan, özünü təsdiq edə bilməyən, özünü natamam hesab edən gənclərdə bu kimi hallara rast gəlinir. Onlar bu yolla özlərini tamamlanmış hesab edirlər. Bunlar hamısı özünü təsdiq etmək və seçilmək istəyindən irəli gələn davranışlardır”.

Psixoloq Nuriyyə Quliyeva

“Olaylar” qəzetinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuz belə gənclərin çoxluq təşkil etmədiyini düşünür: “Mən düşünmürəm ki, kommunizmə meyl edən solçu gənclərin sayı çoxdur. Bu, sadəcə, nəsil dəyişməsidir. Mənim fikrimcə, türkçülər, Azərbaycanı, öz millətini, dövlətini sevənlərin sayı daha çoxdur. Gənclik hər zaman axtarışdadır. Biz də cavanlığımızda daim axtarışda olmuşuq, amma millətçi və dövlətçi mövqeyində. O gənclər də zamanla öz millətçi ideologiyalarına qayıdacaqlar. Təbii, ölkəmizdə heç bir zaman kommunist ideologiyası işləməyəcək. Bizim millət hər zaman fərdi sahibkarlığı üstün tutub”.

“Olaylar” qəzetinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuz

Qeyd edək ki, ispan və irland əsilli olan Ernesto Çe Gevara Argentinanın Rosario şəhərində dünyaya gəlib. Gevara sol meylliliyi, dinamik şəxsiyyəti və radikal fikirləri ilə seçilən cəsur inqilabçı olub. 1967-ci ildə Boliviyada gedən döyüşlərdə həlak olub.

Jalə Əlisoy

Son xəbərlər

Orphus sistemi