Yuxarı
    Bağlamaq

    Bu il ƏƏSMN-in elektron xidmətlərinə 6 milyona yaxın müraciət daxil olub

    İyulda portala müraciətlərin 31,2 faizi e-xidmətə aid olub© Report

    Bakı. 7 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə iyun ayı ilə müqayisədə 27,3 faiz çox, yəni 780 152 müraciət qeydə alınıb.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin (2 501 008 müraciət) 31,2 faizini təşkil edib.

    Məlumata görə, əvvəlki aylarda olduğu kimi, iyul ayında da nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “İş yerinə dair arayış”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” və s. e-xidmətləri vətəndaşların portalda ən çox müraciət etdikləri e-xidmətlərdən olub.

    Bununla yanaşı, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidməti də yüksək istifadə göstəricisi (278 767 müraciət) ilə diqqəti cəlb edib ki, bu da həmin e-xidmətə böyük sosial tələbin olmasından, onun ictimai əhəmiyyətindən xəbər verir. Cari il aprelin 1-dən istifadəyə verilən bu e-xidmət sığortaedənlərlə işin müasir tələblərə uyğun və səmərəli təşkili işlərinin davamı olaraq, bu sahədə əhaliyə xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin xeyli sadələşdirilməsinə imkan verib. Nazirliyin “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Pensiya kalkulyatoru”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Pensiyaçıya məlumatların verilməsi” və s. e-xidmətləri də vətəndaşların maraq dairəsindədir.

    Bildirilib ki, ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın e-xidməti əhalinin istifadəsindədir və cari ilin yanvar-iyul aylarında həmin e-xidmətlərə 5 milyon 970 min 381 müraciət qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi