Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu ilin ötən dövrü ərzində Azərbaycanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ümumilikdə 1542 ad, soyad və ata adının dəyişdirilməsi faktı qeydə alınıb.
Bu barədə "Report"a Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, respublikanın qeydiyyat şöbələri tərəfindən soyadın, adın və ata adının dəyişdirilməsi ilə bağlı təmin olunmayan müraciətlərin statistikası aparılmadığı üçün bu barədə məlumat yoxdur.
Qeyd edək ki, son illər Azərbaycanda eyni adların çox qoyulması faktları var. Son beş ildə doğulan oğlan uşaqlarından 16 831-nə Yusif, 11 496 nəfərinə Əli, 11 173-nə Hüseyn, 7 307-nə Məhəmməd, 7 127 nəfərinə isə Murad adı verilib.
Son beş ildə 7 080 oğlan uşağına Ömər adı verilib.
İlk beşliyi tutan beş adın hər biri ərəb mənşəlidir.
Eyni zamanda, doğulan qız uşaqlarından 15 541-nə Zəhra, 13 070-nə Nuray, 11 min 602-nə Fatimə, 7 718-nə Aylin, 7 560-na Ayan, 7 127-nə isə Zeynəb adı verilib. Qız adları arasında ərəb və türk mənşəli adlar arasında balans var.
2015-ci ildə doğulan körpələrin 2 703 nəfəri Yusif, 2 664-ü Zəhra, 1 900-ü isə Nuray adını alıb.
2000-ci illərdə ildə ilk yerləri tutan oğlan adları arasında Əli, Murad, Fərid, Nicat, Kənan kimi adlar da yer alıb. Qızlarda isə Jalə, İlahə, Aytac, Şəbnəm və s. müxtəlif adlar olub. Eyni zamanda, bu adların verilməsində 16, 15 minlik göstərici qeydə alınmayıb. Balans nisbətən qorunub.
Türk mənşəli adların qoyulması statistikasına nəzər saldıqda aydın olur ki, son beş ildə cəmi 163 oğlana Oğuz, 22-nə Oğuzxan, 1 887 oğlana, 42 qıza Turan, cəmi 6 nəfərə isə yaxşıları hifz edən mənasını verən Qorqud adı verilib.
Son beş ildə bir nəfər də Bilal adını körpəsinə verməyib, 1 körpəyə Zamin, iki qız uşağına isə Çərkəz adı qoyulub.