Yuxarı

Şura: Bu gün Azərbaycanda 1 237 nəfər II Dünya müharibəsi veteranı yaşayır

Bu il II Dünya müharibəsinin hər bir veteranına dövlət tərəfindən 1 000 manat ayrılıb

Bakı. 7 may. REPORT.AZ/ "Respublika Veteranlar Şurası II Dünya müharibəsi veteranlarına dəstək və qayğı göstərilməsi çərçivəsində bir sıra tədbirlər həyata keçirəcək".

Bunu "Report"a açıqlamasında Şuranın sədr müavini Adil Haqverdiyev deyib.

"Respublika Veteranlar Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev bu günlərdə sistemli şəkildə ölkənin müxtəlif regionlarına səfər edərək yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə 9 may -Qələbə Günü ilə əlaqədar ali təhsil ocaqlarında, institutlarda, məktəblərdə gənclər qarşısında çıxışlar edir. Bu və ya digər tədbirlər Şura tərəfindən hər gün keçirilir", - deyə A.Haqverdiev bildirib.

O, Şura başçısının müntəzəm veteranlarla görüşüb, onların problemləri ilə maraqlandığını da vurğulayıb: "Hazırda Azərbaycanda 1237 nəfər II Dünya müharibəsi veteranı yaşayır. Dövlətimiz də müvafiq proqramlar çərçivəsində onların qayğısına qalır". 

A.Haqverdiyev bu il II Dünya müharibəsinin hər bir veteranına dövlət tərəfindən 1 000 manat birdəfəlik ödəniş edildiyini də sözlərinə əlavə edib.

"Bununla yanaşı, Veteranlar Şurası da müharibə veteranlarına hərtərəfli, o cümlədən maddi yardım göstərir", - deyə o qeyd edib.

Sədr müavini bildirib ki, gələn həftə müharibə veteranlarından ibarət xüsusi qrup yaradılacaq və onlar əsgərlərə müharibə barədə məlumat vermək məqsədilə cəbhə bölgəsinə gedəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi