Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) qayda pozuntusuna yol verdiyi üçün cərimələnən piyadalara xəbərdarlıq edib.
Bu barədə "Report"a açıqlamasında idarə rəsmisi, polis mayoru Araz Əsgərli bildirib ki, Bakıda qayda pozuntusuna yol verdiyi üçün barəsində protokol tərtib olunan əksər piyadalar cərimələri ödəməkdən yayınırlar. Bu səbəblə onların barəsində bir sıra məhdudiyyətlər nəzərdə tutulub.
Onun sözlərinə görə, qaydaları pozan piyadalara törətdikləri xətalara görə barələrində protokollar tərtib olunur və bu proses daim diqqətdə saxlanılır: “Paytaxt ərazisindəki yol-nəqliyyat hadisələrində piyadavurma hallarının risk zonaları üzrə qiymətləndirərək xidməti məhz piyada təhlükəsizliyinin artırılması məqsədi ilə aparmaqla yanaşı, nəzarət mexanizmlərinin də sərtləşdirilməsi qaçılmazdır. Bu da onu deməyə əsas verir ki, piyada intizamı istənilən səviyyədə deyil. Nəinki son 1-2 ilin, hətta 10 ilin belə statistikası göstərir ki, yol-nəqliyyat hadisələrinin əsas yükü piyadavurma hallarıdır. Piyadaların yol infrastrukturundan düzgün istifadə etməməsi ağır faciələrlə yanaşı, digər problemlərə də yol açır. Bəzən media resurslarında ictimai müzakirələr aparılarkən piyadalara münasibətdə protokolların az tərtib olunduğu bildirilir. Lakin bu, belə deyil, piyadalarla bağlı bir çox preventiv və nəzarət profilaktik tədbirlər keçirilir. Onların gün ərzində qaydaları pozmaması üçün əməkdaşlarımız nizamlayıcı qismində yollarda təhlükəsizliyi ən mürəkkəb ərazilərdə təmin edir. Hazırda Bakı şəhərində piyadalar tərəfindən edilən 17 mindən artıq qayda pozuntusu qeydə alınıb ki, onların cərimələri isə ödənilməyib. Bu da təbii ki, təsir mexanizmləri ilə bağlı olan məsələlərdir”.
Araz Əsgərli cərimələrini ödəməyən piyadaların gələcəkdə problemlərlə üzləşəcəyini də vurğulayıb: “Məlumat üçün bildirim ki, həmin 17 mindən çox cəriməsi olan şəxslərlə bağlı artıq müvafiq orqanlara müraciət edilib. Belə ki, həmin şəxslər məsuliyyətsizliyə davam etsələr, müxtəlif çətinliklərlə üzləşə bilərlər. Misal üçün, ölkədən çıxış, yaxud hansısa proses keçirərkən yaranmış öhdəliklərinə əsasən müəyyən məhdudiyyətlərlə qarşılaşacaqlar. Belə ki, sözügedən pozuntular üzrə cəriməsi olan vətəndaşlardan xahiş edirik ki, cərimələrini vaxtında ödəsinlər. Əvvəla, piyada qismində həyatlarını təhlükəyə atmasınlar, ikincisi isə törətdikləri pozuntuya görə tərtib olunan cərimələri ödəsinlər ki, əlavə məsuliyyət formalaşıb problemlər yaranmasın. Cərimələri öyrənmək üçün Daxili İşlər Nazirliyi “my.gov.az”a bütün məlumatları inteqrasiya edib. Dövlət Yol Polisinin tərtib etdiyi cərimələri də həmin sistemdən öyrənmək mümkündür”.
Qurum rəsmisinin sözlərinə görə, cərimələri ödəməkdən boyun qaçıran piyadalarla bağlı məcburi tədbirlər görülməsi üçün icra və probasiya şöbələrinə məlumatlar göndərilir: “İcra şöbələri həmin vətəndaşlara borcu ödəmək üçün 10 gün vaxt verir. Ödəməsə, artıq məcburi icra tədbirləri görülür. Cərimələrin ödənməsi vətəndaşın pensiya, əməkhaqqı və digər formada bank kartına yönləndirilir”.