Bakı. 13 noyabr. REPORT.AZ/ “Dünyada hər 3 qadından biri məişət zorakılığına məruz qalır. Bu da çox faciəli durumdur. Belə cinayətkarların sayı çoxdur və təqib olunmurlar. Cəzasızlıq mühiti geniş vüsət alıb. Ona görə də bu kimi cinayətlərin sayında artım qeydə alınır”. “Report” xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin “Məişət zorakılığının qarşısının alınması” üzrə Bakıda keçirilən Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qlobal çərçivədə bu məsələni milli sistemə daxil etdikdə həmin cinayətkarların mütləq şəkildə cəzalandırılması labüddür: “BMT-nin Nyu Yorkdakı qərargahında qəbul olunan qətnamə 2030-cu ilə qədər dayanıqlı inkişaf hədəflərini özündə birləşdirəcək. Bu da milyardlarla insanın həyatının dəyişməsinə səbəb olacaq”.
BMT rəsmisi onu da qeyd edib ki, heç bir qadın tərəqqidən geridə qalmamalıdır: “Qadın və qızlara qarşı zorakılıq hallarına qarşı ciddi tədbirlər görülməlidir. Nikah yaşının Azərbaycanda 18 yaş kimi qəbul edilməsi alqışlanandır. Qadınların özlərini təhlükəsiz şəraitdə hiss etməsi lazımdır. Təəssüf ki, məişət zorakılığı qaçılmazdır. Dayanıqlı inkişaf hədəfləri ilə qəbul olunan qətnamə bu kimi halların aradan qaldırılmasına da öz töhfəsini vermiş olacaq”.
BMT-nin Əhali Fondunun icraçı direktoru, həmçinin əlavə edib ki, zorakılıq halları arzuolunmaz hamiləliyə və bir sıra cinsi yolla keçən xəstəliklərin yaranmasına gətirib çıxarır: “Bu da ailədaxili bir sıra problemlərə səbəb olur. Beləliklə məişət zorakılığı bir çox sosial problemlərin olmasına zəmin yaradır. Erkən nikahlar qızların fiziki və psixoloji inkişafının qarşısını alır. Bu da qızlar üçün mənfi nəticələrlə sonlanır. Eyni zamanda, erkən döl zamanı abortların sayı da artmış olur”.