Binaların üstündəki su çənlərinin aqibəti necə olacaq? - ARAŞDIRMA

Binaların üstündəki su çənlərinin aqibəti necə olacaq? - ARAŞDIRMA "Azərsu": "3000-dən artıq çən yığışdırılıb"
Sosial müdafiə
22 İyul , 2015 12:39
Binaların üstündəki su çənlərinin aqibəti necə olacaq? - ARAŞDIRMA

Bakı. 22 iyul. REPORT.AZ/ Bakı şəhərinin bəzi rayonlarında içməli suya olan tələbat tam ödənilmədiyi üçün bina evlərində yaşayan sakinlər su çənlərindən istifadə edirlər. Bir neçə il öncə su çənlərinin binaların üzərindən yığışdırılması prosesi başlanılıb. Bu proses hazırda da davam etdirilir. Hələ fasiləsiz içməli su ilə əhali tam təmin olunmadığı üçün, təhlükə mənbəyi olan çənlər də tam yığışdırılmayıb.

Məlum məsələdir ki, bu çənləri sakinlər çarəsizlikdən, məcburiyyətdən qoyublar. Amma çənlərin qoyulması yalnız binanın texniki göstəricilərinə, binanın çökməsinə, ağırlıq yaratmasına mane olmur, eyni zamanda görünüşünə də təsir edir. Başqa problem isə daşan suyun yuxarı mərtəbələrə sızması, mənzillərin təmirini korlaması, sakinlərin evinə ziyan vurmasıdır. Hətta liftlərin üzərində və yanında yerləşdirilən çənlərdən su daşması nəticəsində lift sisteminə də mənfi təsir edir. Bunlar isə sakinlər arasında narazılığa səbəb olur.

Qeyd edək ki, "Azərsu" ASC fasiləsiz su təminatına keçdikdən sonra ərazidəki yaşayış binalarının damında əhalinin quraşdırdığı su çənlərinin ləğv edilməsi qərara alınıb.

"Report" problemin bugünkü vəziyyəti ilə bağlı araşdırma aparıb.

Nəsimi rayonu 13 saylı Mənzil - Kommunal İstismar Sahəsinin rəisi Səriyyə Əbülhəsənova "Report"a bildirib ki, su çənlərinin qoyulmasına nəzarət yoxdur, bununla bağlı icazə alınmır: "Çənlərin qoyulması və çıxarılması işinə sakinlərin özləri baxır. Şəxsən mən bu məsələ ilə bağlı icazə verməmişəm".

O bildirib ki, yuxarı mərtəbələrə su çıxmır, belə hallarda köhnə binalarda yaşayan sakinlər məcbur su çənlərindən istifadə edirlər: "Çənlər çardaqda yerləşdirilir".

"Binalar fasiləsiz su ilə təmin olunduqdan sonra həmin çənlər çıxardılacaq" - deyən MKİS rəisi bildirib ki, Mənzil - Kommunal İstismar Sahələri su çənlərinin nə qoyulması, nə də sökülməsi işinə baxır: "Son dövrlərdə "Azərsu"nun işçiləri çox laqeyddir, bir nəfər belə olsun gəlib yoxlamır. "Azərsu"nun nümayəndələri gəlsinlər bizim işçilər ilə nəzarət etsinlər. Hətta binada yaşayan sakinlərin sayları belə dəfələrlə sənəddə səhv yazılır. Su çənləri ilə bağlı problemlər yarananda sakinlər bizə müraciət edir. Təbii ki, biz işçilərimizi ora göndəririk. Çünki onlar etdikləri işin səhv və düz olmasına baxmayaraq, bizim sakinlərdir".

Xətai rayonu 91 saylı Mənzil - Kommunal İstismar Sahəsinin rəisi İlqar Cəfərov isə "Report"a bildirib ki, hazırda çox yerdə fasiləsiz su təminatı olduğu üçün çənlər yığışdırılır: "Çox vətəndaş özü çənlərini götürür, özləri çıxartmayanda xəbərdarlıq edirik, əks halda isə bu işi biz görürük".

Su çənlərinin yerləşdirilməsi ilə bağlı icazə verilmədiyini deyən MİKS rəisi bildirib ki, bu çənlər uzun müddət bundan əvvəl yerləşdirilib: "Hər gün bununla bağlı yoxlamalar aparılır. Nəzarət edirik, əgər su daşsa və hər hansı bir təhlükə yaransa dərhal həmin çəni kəsib götürürük. Yaxın vaxtlarda çənlərin tamamilə yığışdırılması mümkün olacaq. Hazırda köhnə borular dəyişdirilir, təzə plastmas borularla əvəz olunma prosesi və əhalinin fasiləsiz su ilə təminatı həll olduqdan sonra bütün çənlər yığışdırılacaq".

24 saat daimi su olmayan yerdə su çənlərinin yığışdırılması düzgün deyil. Bunu "Report"a "Azərsu" ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Mənzillərdəki çənlərin qeyri-qanuni olmadığını deyən A.Cəbrayıllı bildirib ki, Yasamal, Binəqədi, Nəsimi rayonunun bəzi ərazilərində, 24 saat su verildiyi yerlərdə binanın üstündəki çənlər yığışdırılır: "Binanın üstündə çənlərın quraşdırılması təhlükə mənbəyidir, yəni binanın texniki göstəricilərinə, binanın çökməsinə, islanmasına səbəb olur, ağırlıq yaradır, hətta görünüşünü pozur. Belə böyük çənlərdəki su, həm də orqanizm üçün təhlükə mənbəyidir. Uzun müddət orada qalan suyun tərkibi dəyişir, ondan içməli su kimi istifadə etməyin özü də düzgün olmazdı".

"Azərsu" ASC-nin rəsmisi qeyd edib ki, çənlərin qoyulması ilə bağlı icazəyə Mənzil İstismar sahələri və Mənzil Kommunal Təsərrüfat Birliyi, əgər özəl binadırsa kooperativin rəhbərliyi baxır: "Artıq görülən işlər nəticəsində 3000-dən artıq çən yığışdırılıb".

O deyib ki, Bakı şəhərinin 78 faizinin fasiləsiz içməli su ilə təminatına nail olunub: "Bunun 100 faiz olması ilə bağlı bizim layihələrimiz var. Dövlət büdcəsindən maliyyə ayrılıb və biz də bu işləri həyata keçiririk. Son 11 ildə fasiləsiz su alanların çəkisi 2.5 dəfədən çox artıb. Bu iş gələcəkdə davam etdiriləcək".

O, həmçinin qeyd edib ki, bəzi abunəçilərin çənləri sayğacdankənar xətlərdən qidalandığı üçün, belə hallarda israfçılıqla istifadə olunan suyun qeydiyyatını aparmaq mümkün olmur: "Biz bu məsələlərə nəzarət edirik. Aşkarlansa sakinləri ciddi cərimə olunur".

Son xəbərlər

Orphus sistemi