Biləsuvarın üstü açıq dayanacaqları: sərnişinlər yayda günəşin, qışda qarın altında avtobus gözləyir - REPORTAJ
- 04 noyabr, 2022
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar Azərbaycanda əhalinin sıx məskunlaşdığı rayonlardan biridir. Rayonun 107 mindən çox sakini var. Rəsmi məlumata əsasən, burada əhali sıxlığına uyğun olaraq hər kvadrat metrə 72 nəfər düşür. Rayonun böyük bazarı, dövlət müəssisə, idarə və təşkilatları şəhərin mərkəzində yerləşdiyi üçün burada insan sıxlığı da çox olur. Şəhərin öz əhalisi ilə yanaşı gün ərzində rayonun 25 kəndindən gələnlər sıxlığı artırır. Rayondan kəndlərə marşrut xətti üzrə avtobuslar fəaliyyət göstərsə də, ictimai nəqliyyat üçün dayanacaqlar quraşdırılmayıb. Bu isə sərnişinlərin işini bir qədər çətinləşdirir.
Şəhər ərazisində dayanacaqların olmamasından narazı olan sakinlər "Report"un Muğan bürosuna bildiriblər ki, bu vəziyyət uzun müddətdir davam edir.
Onların sözlərinə görə, şəhər ərazisində bir dənə də olsa, avtobus dayanacağı yoxdur və bu da problemlərə, insanların həyatının təhlükəyə düşməsinə səbəb olur. Sakinlər deyir ki, dayanacaq olmadığından marşrut xətləri üzrə hərəkət edən sürücülər nəqliyyat vasitəsini istədikləri yerdə saxlayırlar: "Sürücüləri qınamırıq, çünki onlar da harada dayanacaqlarını dəqiq bilmirlər. Əgər qanuni dayanacaqlar olsa, sürücülər də orada saxlayar və sərnişinlər də avtobusa rahat şəkildə müəyyən olunmuş yerdə minib-düşərlər. Vəziyyətin belə olması isə bizim mənzil başına vaxtında çıxmağımıza mane olur".
Məlumata görə, təxminən 10 il əvvələ qədər şəhər ərazisində dayanacaqlar mövcud olub. Lakin onlar sonralar yavaş-yavaş yoxa çıxıb.
Sakinlər söyləyir ki, xüsusən yağışlı və qarlı hava şəraitində marşrut avtobusu gözləmək onlar üçün əsl əziyyətə çevrilib. Onların sözləri görə, şəhərin heç bir yerində dayanacaq olmadığından yağışın və qarın altında avtobus gözləməli olurlar: "Dayanacaq olmadığı üçün məcbur qalıb açıq məkanda gözləməli oluruq. Nəzərə almaq lazımdır ki, sərnişinlər arasında uşaq da var, qoca da var. Belə olanda xəstələnməmək mümkün deyil".
Sürücülər də bu vəziyyətdən narazılıqlarını bildiriblər. Onlar da dayanacaq olmadığından idarə etdikləri nəqliyyat vasitəsini harada gəldi saxladıqlarını qeyd ediblər: "Beş metr sürdükdən sonra sərnişinlər maşını saxlamağımı xahiş edir, kim harada gəldi düşmək istəyir. Deyə də bilmirik ki, dayanacaqda saxlayacağıq. Bu cür deyəndə narazılıq yaranır. Çünki dayanacaq yoxdur. Amma qanuni dayanacaq olarsa, bu narazılıqlar da olmaz. Hamı bilər ki, nəqliyyat vasitəsi müəyyən olunmuş yerlərdə dayanacaq".
Məsələ ilə bağlı Biləsuvar şəhər bələdiyyəsindən "Report"un yerli bürosuna bildirilib ki, ərazidə dayanacaqların quraşdırılması nəzərdə tutulub. Qeyd olunub ki, bu problem tezliklə öz həllini tapacaq.
Qeyd edək ki, hazırda Biləsuvar rayonu üzrə 12 istiqamətdə sərnişindaşıma həyata keçirilir. Bunlar rayonun Səmədabad, İsmətli, Çaylı, Ağayrı, Təzəkənd, Ovçubərə, Əsgərabad, Bəydili, Xırmandalı və Çinarlı kəndləri istiqamətləridir. Rayonun digər kəndləri isə bu istiqamətlər üzrə təyin olunmuş marşrutların yolunun üzərində yerləşir.