Biləsuvar rayonunda özünəməşğulluq proqramı çərçivəsində maldarlıq təsərrüfatlarının təşkili üçün dövlət xətti ilə iribuynuzlu heyvanlar alan şəxslər narazıdır.
Rayonun Əsgərabad kənd sakini Ruslan Rzayev "Report"un yerli bürosuna açıqlamasında heyvanların xəstə olduğunu iddia edib.
Onun sözlərinə görə, verilən 3 inəkdən birinin elə ilk gündən, digərlərinin isə sonradan temperaturu qalxıb: "Dəfələrlə əlaqədar qurumlara məlumat vermişəm, amma maraqlanan yoxdur. Heyvanlar bizə təhvil verilərkən təqdim olunan sənəddə əlaqə nömrəsi göstərilsə də, bu nömrəyə ümumiyyətlə zəng çatmır".
Məsələ ilə bağlı Biləsuvar Rayonu Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən bildirilib ki, son günlər ümumilikdə 8 vətəndaş onlara verilən heyvanlarla bağlı müraciət edib: "Tərəfimizdən heyvanlara baxış keçirilib, həmin heyvanlarda olan problem ağciyər xəstəliyi ilə bağlıdır".
Həmçinin, məsələ ilə əlaqədar Dövlət Məşğulluq Agentliyinə göndərdiyimiz sorğumuza cavab olaraq bildirilib ki, Biləsuvar rayonu Əsgərabad kənd sakini Rzayev Ruslan Ədalət oğluna özünüməşğulluq proqramı çərçivəsində bu il avqustun 30-da təqdim edilən heyvanların hər biri sağlam olub. O, özü də verilən heyvanlardan razılığını bilirib və həmin 3 baş iribuynuzlu heyvanı, 800 kq qarışıq yemi təhvil alıb.
"Aktivlər verilərkən öz razılığı ilə çəkilmiş videomaterialda da o, öz razılığını ifadə edib. Həmin videomaterial və heyvanları təhvil alması ilə bağlı imzaladığı aktın surəti var. Vətəndaşlara aktivlər verildiyi zaman izah olunur ki, verilmiş heyvanlarda hər hansı bir xəstəlik müşahidə olunduqda mütləq şəkildə müvafiq yerli baytarlıq xidmətinə müraciət etsinlər. Ruslan Rzayevə də bu barədə izahat verilib", - agentlikdən qeyd edilib.