DSMF-nin şöbə müdiri: "Bəzi ekspertlər sosial sığorta ilə vergini qarışıq salır"

DSMF-nin şöbə müdiri: "Bəzi ekspertlər sosial sığorta ilə vergini qarışıq salır" "Bununla da sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar"
Sosial müdafiə
13 Mart , 2015 20:19
DSMF-nin şöbə müdiri: Bəzi ekspertlər sosial sığorta ilə vergini qarışıq salır

Bakı. 13 mart. REPORT.AZ/ "Bəzi ekspertlər sosial sığorta ilə verginin iqtisadi mahiyyətini ayırmaqda çətinlik çəkirlər. Vergi sosial sığortanın iqtisadi mahiyyətinə görə deyil, işçi əməyinin dəyərinin bir hissəsi olduğuna və sosial risklərdən sığortalanma məqsədilə fondlaşdırılır". "Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbə müdiri Famil Qədimov deyib.

Fond rəsmisi deyib ki, işçinin əməyinin dəyəri təkcə əmək haqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür: "Buna görə də sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkədə əmək haqqına üstəlik adlandırılır və əmək haqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir. Burada ödənilən məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir. Təəssüf ki, bir sıra hallarda bəzi ekspertlər bunu vergi ilə qarışıq salır və sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar. Halbuki həmin mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri barədə bir az tanışlıq kifayətdir".

Şöbə müdirinin sözlərinə görə, ölkənin sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına uyğun əmək haqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub: "Bu şəraitdə sosial sığortaya cəlb olunan əmək haqlarının artımı pensiya artımlarını da şərtləndirir. Nəticədə əmək haqqına üstəlik kimi qəbul olunan sosial sığorta haqlarının azaldılması, əməyin ümumi dəyərinin azaldılması anlamına gəlməklə, fərdi hesablarda toplanan vəsaitlərin də azalmasına səbəb olaraq gələcək pensiya təminatına mənfi təsir göstərir".

Sosial sığorta normativinin strukturunun optimallaşdırılması üçün təkliflər hazırlandığını deyən Famil Qədimov əlavə edib ki, sosial sığortanın iqtisadi mahiyyəti sosial sığorta normativinin strukturunda işəgötürən və işçi arasındakı nisbətin dəyişdirilməsində də nəzərə alınmalı, işçinin payının artırılması adekvat əmək haqqı ödənişlərinin artımı ilə qarşılanmalıdır.

Son xəbərlər

Orphus sistemi