Bərdə və Ağcabədidə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb

Bərdə və Ağcabədidə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb Bərdə və Ağcabədi rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəlikləri fəaliyyətə başlayıb.
Sosial müdafiə
25 Noyabr , 2019 10:54
Bərdə və Ağcabədidə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb

Bərdə və Ağcabədi rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəlikləri fəaliyyətə başlayıb.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyevin 2019-cu ilin oktyabrın 1-də imzaladığı sərəncamına uyğun olaraq, yaradılan nümayəndəliklər Heydər Əliyev Mərkəzlərində yerləşir.

Nümayəndəliklərin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Bu xüsusda, gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı əldə edəcəklər.

Açılış tədbirində Bərdə və Ağcabədi rayonlarının icra hakimiyyətinin nümayəndələri, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Rəvanə Həşimova çıxış edərək, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar. Prezidentin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyi vurğulanıb, gənclər bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət olunublar.

Daha sonra tədbir iştirakçıları üçün Bərdə və Ağcabədi rayonlarındakı Heydər Əliyev Mərkəzlərində fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil olunub, eyni zamanda Mərkəzlərin imkanları barədə onlara ətraflı məlumat verilib. Həmçinin, region gəncləri “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər. Tədbirlər musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib.

Qeyd edək ki, ölkənin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı Dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, Cəlilabad, Masallı, Quba,Qusar, Zaqatala və Qax, habelə Biləsuvar, Qazax, İsmayıllı və Şəmkir rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzləri fəaliyyətə başlayıb, bu ilin sonu və növbəti ilin ilk rübü ərzində isə ölkənin bütün şəhər və rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq.

Son xəbərlər

Orphus sistemi