Bəhram Xəlilov: "Dövlət qulluğunda çalışan qadınlar korrupsiyaya daha az uğrayırlar"

Bəhram Xəlilov: "Dövlət qulluğunda çalışan qadınlar korrupsiyaya daha az uğrayırlar" Bakıda "Dövlət qulluğunda qadın karyerası" mövzusunda dəyirmi masa keçirilib
Sosial müdafiə
19 Oktyabr , 2015 10:19
Bəhram Xəlilov: Dövlət qulluğunda çalışan qadınlar korrupsiyaya daha az uğrayırlar

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə "Dövlət qulluğunda qadın karyerası" mövzusunda dəyirmi masa keçirilib. "Report" xəbər verir ki, çıxış edən Komissiyanın sədri Bəhram Xəlilov tədbirin əsas məqsədinin qadınların potensiallarının artırılması prosesinə təşəbbüs göstərmək, dövlət qulluğunda onların şəbəkə yaratmaq bacarıqlarını gücləndirmək və yeni işgüzar əlaqələr qurmaqda yardım etmək olduğunu bildirib.

Onun sözlərinə görə, XXI əsrdə gender bərabərliyini inkişaf etdirmək əsas hədəflərdəndir: "Dövlət idarəçiliyində, xüsusilə də rəhbər vəzifələrdə çalışan qadınların siyasi və digər məsələlərlə bağlı müzakirələrdə bərabərlik prinsipi əsasında iştirakı inkişaf baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət idarəçiliyinə cəlb edilən qadınların potensiallarının tam üzə çıxarılması ilə bağlı hələ də bəzi problemlər mövcuddur".

O, həmçinin qeyd edib ki, hazırda Azərbaycanda qadınlar tam sərbəst dövlət qulluğunda çalışa bilirlər: "Onların bu işə cəlb edilməsi bundan sonra da mütəmadi şəkildə davam edəcək. Statistikaya nəzər saldıqda görərik ki, müsabiqədən uğurla keçənlərin arasında qadınların çəkisi 25-30 faiz arasındadır".

"Komissiyanın sədri olaraq bir faktı etiraf edərdim ki, yekun mərhələdə seçim edəndə çox zaman qadınlara üstünlük veririk. Çünki qadınlar bir çox hallarda daha məsuliyyətli olur. Eyni zamanda, dövlət qulluğunda çalışan qadınlar korrupsiyaya daha az uğrayırlar", - B. Xəlilov əlavə edib. 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib ki, mövcud layihə Azərbaycan Avropa münasibətlərini daha da genişləndirəcək: "Birgə təlim mərkəzi təşkil edəcəyik ki, uğurlu fəaliyyət göstərə bilək. Dövlət qulluqçusu olan bir qadın kimi, beynəlxalq tədbirlərdə iştirak edirəm. Gender bərabərliyi mənim üçün hər zaman önəmli məsələ olub. Hər bir ölkədə bu yanaşma prioritet məsələ olmalıdır. O ölkələrdə ki, gender bərabərliyi mövcuddur, deməli, həmin ölkə çox zəngin düşüncəyə malikdir. Azərbaycanda da bu sahədə zəngin təcrübə var. Burada dövlətin gələcəyini formalaşdırmağa qadir geniş dünyagörüşlü və savadlı, bacarıqlı qadınlara rast gəlmişəm. 

Qadınlar təhsil, səhiyyə və digər sosial sahələrə daha çox önəm verirlər. Hətta son zamanlar bələdiyyələrdə qadınların sayı artmaqdadır".

Dəyirmi masa mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi