Bakı. 30 noyabr. REPORT.AZ/ "İcbari tibbi sığorta ilə bağlı Mingəçevir və Yevlaxda tətbiq edilən pilot layihələrə münasibət müsbətdir".
"Report"un məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov bu gün keçirdiyi brifinqdə deyib.
Ə.Əhmədov bildirib ki, həmin ərazilərdə tibbi xidmətlər üçün müracitlərin sayı çox olub: “Bu da tibbi xidmətlərin ödənişsiz və yüksək səviyyədə olması ilə bağlıdır”.
Baş nazirin müavini bildirib ki, gələcəkdə yeni icbari tibbi sığorta modeli yaradılacaq və tətbiq ediləcək. Ə.Əhmədov bildirib ki, əhalinin müəyyən kateqoriyalarının, yəni pensiyaçıların, əlillərin icbarı tibbi sığorta haqqı dövlət tərəfindən, işləyən və imkanı olan insanlar isə özləri tərəfindən sığorta haqqı ödəniləcək.
O deyib ki, sığorta haqqı məsələsi araşdırılır, hesablamalar aparılır: “Başqa ölkələrdə icbari tibbi sığorta haqqı pensiya fonduna ödənilən məbləğdən aşağı deyil. Amma bizim cəmiyyətimiz bu qədər tibbi sığrta haqqının ödənilməsinə hazır deyil. Avropa ölkələrində sığorta haqqı əməkhaqqı fondunun 14 faizə qədəridir. Biz bu qədər tətbiq edə bilmərik, ancaq elə edəcəyik ki, ortaq məxrəc tapılsın. Bu məbləğ həm keyfiyyətli xidmət göstərmək üçün kifayət etsin, həm də sığorta ödəyənlərə yük düşməsin”.
Baş nazirin müavini deyib ki, ilkin vaxtda icbari tibbi sığortanın məbləği aşağı olacaq, yəni Avropa ilə müqayisədə simvolik olacaq, amma gələcəkdə insanları rifahı yaxşılaşdıqca, sahibkarlıq inkiaf etdikcə sığortanın məbləğinə yenidən baxılacaq.