Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Bakıda Türkiyənin "Bəyazay" təşkilatının təşəbbüsü ilə 6-cı "Türkiyə-Azərbaycan Əlillərinin Dostluq Günü" adlı simpozium keçirilib.
"Report"un məlumatına görə, tədbirin əsas məqsədi iki ölkədə yaşayan əlillərin problemlərini, onların inteqrasiya məsələlərini müzakirə etmək olub.
"Bəyazay" təşkilatının rəhbəri Lokman Ayva jurnalistlərə açıqlamasında bildirib ki, bu tədbir iki ölkənin əlillərlə bağlı problemlərinin həll olunması baxımdan vacibdir. O əlavə edib ki, simpozium çərçivəsində mühüm məsələlər müzakirə olunacaq, birgə proqramlar üzərində işlər aparılacaq.
Bundan sonra tədbirdə "Bəyazay" təşkilatının fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Ardınca əlillərin iştirakı ilə konsert proqramı keçirilib.
Konsert proqramından sonra tədbir iştirakçıları panel müzakirələri aparıblar.
Qeyd edək ki, tədbirdə hər iki ölkənin deputatları, Türkiyənin keçmiş təhsil naziri Nimet Baş, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, hər iki ölkənin əlillərin problemləri ilə məşğul olan qurumlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.