Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Bakı Ali Neft Məktəbi ilə birgə “Karyera Mərkəzlərinin II Strateji İnkişaf Konfransı" keçirilib.
"Report " xəbər verir ki, konfransda Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, rektorlar və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, konfransın əsas məqsədi karyera planlaması və karyera mərkəzlərinin inkişafı istiqamətində aparılan islahatları təbliğ etmək, məzunların əmək bazarına inteqrasiyası istiqamətində yerli və beynəlxalq təcrübələrlə tanış olmaq və onların tətbiqi mexanizmlərini formalaşdırmaqdır.
Onun sözlərinə görə, konfrans universitetlərin karyera mərkəzləri arasında əlaqələrin inkişafına və genişlənməsinə dəstək olacaq, ali təhsil müəssisələrinin nüfuzunun yüksəlməsində karyera mərkəzlərinin rolunu nəzərdən keçirilməsinə töhfə verəcək: "Bizim bir şüarımız var "Biz iş axtarmırıq, iş bizi axtarır ". Ali məktəbin üzərinə düşən ən mühüm vəzifələrdən biri onların əmək bazarına hazırlanması. Universitetlər keyfiyyətli kadr hazırlanmasına böyük önəm verməlidir. Belə olan təqdirdə Dövlət Məşğulluq Agentliyinin yükü də müəyyən mənada azalmış olur. Karyera mərkəzləri ölkəmiz üçün ən vacib strateji amildir. Karyera mərkəzlərinin fəaliyyətinə dəstək olmaq lazımdır ki, gözləntilər də yüksək olsun".
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli əmək bazarının müxtəlif transformasiyalara məruz qalaraq dəyişdiyini, qoballaşan əmək bazarının bizim qarşımızda yeni çağırışlar qoyduğunu bildirib. Sədr vurğulayıb ki, Agentliyin əsas istiqamətlərindən biri də əmək bazarının araşdırılması və bu sahədə yanaşmanın müasir tələblərə uyğun olaraq müəyyən edilməsidir: "Karyera mərkəzləri tələbələri əmək bazarına hazırlamalıdır. Aparılan təhlillərin nəticəsi olaraq əmək bazarında tələb və təklif arasında ciddi uyğunsuzluqlar var. Bunun aradan qaldırılması üçün əmək bazarı ilə təhsil sisteminin sintezinin ortaya qoyulması və karyera planlaması vacibdir. Peşəyönümü məsləhət xidməti sahəsində bir sıra yeni layihələrin - “Peşələr atlası”, “Məzunların məşğulluq reytinqi” platforması önəmlidir. Peşəyönümü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması istiqamətində işlər davam etdir".
M.Abbasbəyli universitetlərdə fəaliyyət göstərən karyera mərkəzlərinin əhəmiyyətindən danışaraq Agentliyin bu mərkəzlərlə yaxından əməkdaşlıq etdiyini, uğurlu nəticələrin əldə edildiyini qeyd edib.
Daha sonra Agentlik tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasının və “Karyera Mərkəzlərinin Standartları” ilə bağlı tövsiyə sənədinin təqdimatı olub.
Toplantı “Karyera mərkəzlərinin strateji inkişaf vizyonu” paneli üzrə “əmək bazarına keçiddə Karyera Mərkəzinin rolu”, “Karyera Mərkəzləri: Hədəf qrupları ilə iş”, “Karyera Mərkəzlərinin strateji inkişafında yeni çağırışlar” mövzularında çıxışlar və müzakirələrlə davam edib.