Bakıda daun sindromlu uşaqlar üçün tədbir keçirilib

Bakıda daun sindromlu uşaqlar üçün tədbir keçirilib Bakı. 31 may. REPORT.AZ/ 1 İyun - Uşaqların Müdafiəsi Günü münasibətilə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi və Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Sosial müdafiə
31 May , 2018 17:46
Bakıda daun sindromlu uşaqlar üçün tədbir keçirilib
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ 1 İyun - Uşaqların Müdafiəsi Günü münasibətilə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi və Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə YAP-ın Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva, Milli Məclisin deputatı Qənirə Paşayeva, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP-ın Nizami rayon təşkilatının Gənclər Birliyi və "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva, YAP-ın Gənclər Birliyinin sədri Seymur Orucov və başqaları iştirak ediblər.

YAP-ın Nizami rayon təşkilatının Gənclər Birliyi və "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva bayram münasibətilə uşaqları təbrik edib. O vurğulayıb ki, uşaqlar hər birimizin sevinci, xoşbəxtliyi və cəmiyyətin gələcəyidir: "Ona görə də uşaqlara daimi xüsusi qayğı və diqqət göstərilməlidir. Düşünürəm ki, hər bir azərbaycanlı əlindən gəldiyi qədər azyaşlılardan öz sevgisini, mərhəmətini, köməyini əsirgəməməlidir. “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində onlarla keçirdiyim hər dəqiqə mənim üçün qiymətli bir həyat dərsidir. Burada uşaqlara ehtiyacları olduğu qədər və daha çox qayğı göstərilir. Fəaliyyət göstərdiyimiz dörd il ərzində daun sindromlu şəxslərin cəmiyyətdə, həyatımızda önəmli yerini hamıya göstərməyə çalışdıq. Onlar burada idman, rəqs, moda və başqa sahələrlə məşğul olurlar. Hazırda isə daun sindromlu şəxslərə yoga dərsləri keçirik. Onlar bəşəriyyət üçün böyük önəm kəsb edir. Fikrimcə, uşaqların bizim müdafiəmizə, himayəmizə ehtiyacı olduğu kimi, onlar da bizə gərəklidirlər. Onların məsum baxışlarına, utancaq gülüşlərinə, təmiz ruhlarına, zəngin xəyal dünyalarına həmişə ehtiyacımız var".

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov uşaqların hər kəsin həyatında mühüm rol oynadığını bildirib və daun sindromlu uşaqların reabilitasiyasının əhəmiyyətindən danışıb.

YAP-ın Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva deyib ki, belə xoşbəxt uşaqlar dünyanın hər yerində yoxdur: “Belə şərait heç kəsə yaradılmır. Bu mərkəzdə uşaqlara qayğı göstərilir, onlara fərd kimi dəyər verilir. Bu, çox müsbət faktordur”.

Milli Məclisin deputatı Qənirə Paşayeva daun sindromlu uşaqların həyatla, çətinliklərlə mübarizəsində valideynlərinin və mərkəzin müəllimlərinin mühüm rolundan danışıb: “Bu uşaqların valideynləri bütün çətinliklərə baxmayaraq, onlar üçün əllərindən gələni edirlər, həmçinin burda çox fədakar işçilər var. Sevgi, xeyirxahlıq və mərhəmət bu uşaqların xoşbəxtliyinə səbəb olur”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva qeyd edib ki, iyunun 1-i çox önəmli gündür: “Azərbaycanda uşaqların daima daha yaxşı, ürəkləri istədikləri kimi böyüməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Daun sindromlu uşaqların reabilitasiyası cəmiyyət üçün çox vacibdir. Bu uşaqların əhatəsində olmaq bizə həmişə xoşbəxt əhval-ruhiyyə bəxş edir”.

Bundan sonra “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin “Daun sindromlu uşaqlar Disney diyarında” adlı yeni layihəsi ilə bağlı videoçarx nümayiş olunub.

Daha sonra əməkdar artist Ədalət Şükürov və müğənni Sevda Yəhyayeva uşaqlar üçün ifa ediblər. Sonda uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ildə təsis edilib. İctimai Birliyə "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi daxildir. Bakının Nizami rayonunda yerləşən reabilitasiya mərkəzi uşaq serebral iflicindən əziyyət çəkən 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Mərkəzdə təlim-tərbiyə işləri ilə yanaşı, reabilitasiya tədbirləri də həyata keçirilir. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində isə uşaqlar və yeniyetmələrlə reabilitasiya işi aparılır, ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, onların cəmiyyətə inteqrasiyası təmin edilir. Birliyin əsas məqsədi Azərbaycanda əlil və sağlamlıq imkanları məhdud olan uşaqların tibbi müalicəsini təşkil etməkdən, onların reabilitasiyasından, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar yaradılmasından və bunlarla bağlı müvafiq işlərin həyata keçirilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi