Yuxarı
    Bağlamaq

    Bakıda “2016-2020 ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”na həsr olunan seminar başlayıb

    Təlim kursları Beynəlxalq Əmək Təşkilatı ekspertlərinin iştirakı ilə keçirilir

    Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında imzalanan “2016-2020 –ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üçün nəzərdə tutulan üç günlük seminar başlayıb. 

    "Report" xəbər verir ki, bununla əlaqədar keçirilən açılış tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbərləri və nümayəndələri, Milli Məclisin komitə sədri və Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri iştirak ediblər.

    Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən ilin sentyabr ayında qəbul olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritetlərinə uyğun hədəflərə hesablandığını vurğulayıb: “Hazırda əmək bazarının dövlət tənzimlənməsinin innovativ yanaşmalar əsasında müasir modelinin qurulması aktual məsələlərdən biridir. Həmin ölkə proqramı və BƏT-lə əməkdaşlıq çərçivəsində təşkil olunan təlim kursları da bu mövzuda təcrübə və fikir mübadiləsinin aparılması üçün yeni imkanlar açır”. 

    Nazir bildirib ki, Dünya İqtisadi Forumunun 2016-cı il üçün Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə Azərbaycan mövqeyini daha da yaxşılaşdıraraq 37-ci yerdə (MDB ölkələri sırasında 1-ci yerdə) qərarlaşıb. Bu indeksin formalaşmasında mühüm rol oynayan əmək bazarının səmərəliliyinə görə Azərbaycan 26-cı və makroiqtisadi mühitə görə 39-cu yerdə olub: “Dünyada iqtisadi və maliyyə böhranının dərinləşməsinə və bunun iqtisadiyyatımıza obyektiv səbəblərdən göstərdiyi mənfi təsirlərə baxmayaraq, 2016-cı ildə ölkəmizdə qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında 2,6 faiz artıma nail olunub və ölkə qarşısında duran bütün əsas vəzifələr icra olunub”.

    Məşğulluq orqanlarının həyata keçirdiyi aktiv məşğulluq tədbirlərindən, özünüməşğulluq proqramının icrasından, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, BMT İnkişaf Proqramı və s. qurumlarla sıx əməkdaşlıq çərçivəsində icra olunan layihələrdən bəhs edən S.Müslümov nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemlərinin məşğulluq xidmətlərini də əhatə etməsi üçün müvafiq işlərin davam etdirildiyini bildirib: “İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sisteminin və məşğulluq xidməti orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında qurulması bilavasitə onların kadr potensialının əmək bazarının mövcud çağırışlarına cavab verməsini tələb edir. Ölkə proqramının əsas prioritet istiqamətlərindən biri də məhz Dövlət Məşğulluq Xidmətinin kadr potensialının, əməkdaşların bilik və bacarıqlarının artırılmasına yönəlib. Hesab edirik ki, yeni başlanan təlim kursları bu məqsədin reallaşmasına, ümumən Xidmətin fəaliyyətinin müasir institusional modelinin formalaşdırılmasına öz dəyərli töhfəsini verəcəkdir”.

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məşğulluq orqanlarının fəaliyyətinin, əmək bazarının tənzimlənməsi sahəsində iş mexanizmlərinin mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi əsasında təkmilləşdirilməsi üçün aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıb. H.Rəcəbli yeni başlanan bu təlim kurslarını qeyd olunan istiqamətdə əhəmiyyətli addımlardan biri kimi dəyərləndirib.

    AHİK-in sədri Səttar Mehbalıyev “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın məşğulluq orqanlarının potensialının gücləndirilməsində də dəstək rolu oynadığını qeyd edib. S.Mehbalıyev proqramın əmək resurslarının səmərəli məşğulluğuna yönələn iş metodlarının təkmilləşdirilməsi, əmək bazarı proqramları üzrə uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində geniş imkanlar açdığını diqqətə çatdırıb. O, yeni başlanan bu təlim kurslarının BƏT-lə əməkdaşlıq müstəvisində məşğulluq orqanlarının potensialının artırılması baxımından müsbət nəticələrinin olacağına əminliyini bildirib.

    ASK-nın prezidenti Məmməd Musayev əmək bazarı və məşğulluq sahəsində aparılan siyasətin icrasında işəgötürənlərin fəal iştirak etdiyini vurğulayıb. M.Musayev aktiv məşğulluq tədbirlərinin məqsədyönlü təşkilində məşğulluq orqanları ilə işəgötürənlərin səmərəli əməkdaşlığının, sosial dialoqun xüsusi önəmini, yeni başlanan təlim kurslarının bu sahədə də fəaliyyətin gücləndirilməsində mühüm rol oynayacağını diqqətə çatdırıb. BƏT-in eksperti Mixail Puşkin təlim kurslarında nəzərdə tutulan mövzuların hər birinin məşğulluq orqanlarının fəaliyyətində vacib komponentlər olduğunu, iştirakçıların həmin mövzular üzrə dünya təcrübəsində mövcud olan yanaşma və praktikalar barədə də biliklərinin artırılacağını vurğulayıb.

    Təlim kurslarının BƏT-in ekspertləri Yuri Qerçiy, Mikael Mvasikakata, Yens Sibbersen, Yulya Surinanın iştirakı ilə üç gün davam edəcək ilk mərhələsi “Məşğulluq Xidməti, əmək bazarında siyasət və məşğulluq sahəsində əhatəli siyasət proqramları”, “Gənclərə və həssas gruplara yönəldilmiş fəal əmək proqramları və tədbirlər”, “Peşə yönümü: konsepsiyalar və alətlər”, “Əmək bazarında informasiya sistemi, “Yeni iş yerlərinin yaradılması”, “Danimarka Məşğulluq Xidməti timsalında ictimai vəziyyətin təhlili”, “Dövlət Məşğulluq Xidmətinin işində sosial dialoqun rolu” və s. mövzuları əhatə edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi