Ailə-məişət hadisələrinin qarşısının vaxtında alınması üçün mexanizm hazırlanmalıdır.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyunun 7-də Bakıda keçirilən Azərbaycan Hökumətinin BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasındakı dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edən Yekun Müşahidələrin müzakirəsində deyib.
Onun sözlərinə görə, xalqda polisin bütün məsələlərə müdaxilə edə biləcəyi ilə bağlı inam var: "Polis orqanlarının, sahə müvəkkilərinin ailə-məişət məsələlərinə, bu sahədə hadisələrə nəzarəti vacibdir. Tək polis deyil, bütün qurumların yerli idarələri hadisə baş vermədən öncə burada kimlərin məskunlaşdığını bilməlidirlər. Vətəndaşın qeydiyyatı olmasa belə risk altında olan ailələrin anında aşkarlanması və nəzarətdə saxlanılması həyata keçirilməlidir. Bununla bağlı əlaqəli işləmək lazımdır. Biz bu koordinasiyalı işi necə həyata keçirə bilərik? Biz hadisənin nəticələri ilə deyil, baş vermədən öncə səbəbləri ilə məşğul olmalıyıq".
B.Muradova bununla bağlı təhlükəsizlik orqanlarına da müraciət edib: "Hətta qanunda nəzərdə tutulmayan hallar olsa belə bununla intensiv iş aparmaq üçün mexanizm düşünmək lazımdır".