Babadan nəvəyə miras qalan dəyirman - REPORTAJ

Babadan nəvəyə miras qalan dəyirman - REPORTAJ Azərbaycanda dəyirmanların sayı barmaqla sayıla biləcək qədər azalıb. Əvvəllər demək olar ki, hər kənddə bir dəyirman var idisə, artıq əksər yerlərdə az qala antikvar məkana çevrilib. Təbii ki, bu da tələbatın az olmasından irəli gəlir. Amma buna baxmayar
Sosial müdafiə
22 Oktyabr , 2022 09:56
Babadan nəvəyə miras qalan dəyirman - REPORTAJ

Azərbaycanda dəyirmanların sayı barmaqla sayıla biləcək qədər azalıb. Əvvəllər demək olar ki, hər kənddə bir dəyirman var idisə, artıq əksər yerlərdə az qala antikvar məkana çevrilib. Təbii ki, bu da tələbatın az olmasından irəli gəlir. Amma buna baxmayaraq, dəyirmanları qoruyub saxlayan və dəyirmançı peşəsini davam etdirənlər də var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu cür dəyirmanlardan biri də Qax rayonunun İlisu kəndində yerləşir. Əvvəllər su ilə işləyən bu dəyirman dövrümüzdə elektrik enerjisi ilə çalışan müəssisəyə çevrilib.

Gündəlik bir tona qədər un üyütmək gücünə malik olan dəyirmanın sahibi Rəşad Bəkirov bunun babasından ona miras qaldığını söyləyib.

Onun sözlərinə görə, dəyirmanı ondan əvvəl babası Abakar Abbasov işlədib: "Babam vəfat edəndən sonra dəyirmanı sahibsiz qoymadım və bu peşəni davam etdirməyə başladım. Dəyirmanda bir gündə bir tona qədər taxıl məhsullarını üyütmək mümkündür. Bura mənə baba yadigarıdır. Mənə dəyirmanda işləməyi də elə babam öyrədib. O, dünyasını dəyişdikdən sonra özümə söz verdim ki, babamın peşəsini davam etdirəcəyəm".

R.Bəkirov bildirib ki, dəyirman ötən əsrin ortalarından etibarən fəaliyyətə başlayıb və uzun illər su ilə işləyib. Bir müddətdən sonra isə su elektrik mühərriki ilə əvəzlənib. Əsas funksiyası taxıl məhsullarını üyüdərək un halına gətirməkdən ibarət olan dəyirman iki böyük daşdan və fırladıcı qurğulardan ibarətdir.

Hazırda rayon ərazisində fəaliyyət göstərən iki dəyirmandan biri olan İlisu dəyirmanında buğda, arpa və qarğıdalı üyüdənlərin sayı da kifayət qədərdir. İlisu və ətraf kəndlərdən gələn sakinlər dəyirman ununun insan səhhəti üçün xeyirli olduğunu söyləyirlər. Dəyirmanda üyüdülən qara undan bişirilən çörək isə bir çox xəstəliklərin dərmanıdır. Əsasən, şəkərli diabet xəstələri təbii dəyirman unundan daha çox istifadə edirlər.

Son xəbərlər

Orphus sistemi