Azərbaycanlı alim süni ərzaq məhsullarından qorunmağın yollarından danışıb

Azərbaycanlı alim süni ərzaq məhsullarından qorunmağın yollarından danışıb Ənvər Əliyev: "Azərbaycana xaricdən kənd təsərrüfatı məhsulu gətirmək qətiyyən məqbul deyil"
Sosial müdafiə
29 Dekabr , 2016 18:53
Azərbaycanlı alim süni ərzaq məhsullarından qorunmağın yollarından danışıb

Bakı 29 dekabr. REPORT.AZ/ "Aparılan tədqiqatlar nəticəsində əldə olunmuş məhsulun ziyanını tapmaq üçün uzun illər lazımdır. Buna görə çalışıb həmin tədqiqatların nəticəsindən özümüzü qorumalıyıq".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası, Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

O bildirib ki, dünyada müxtəlif sahələrdə aparılan genetik tədqiqatlar ancaq faydalı olmur, zərərliləri də çoxdur.

Onun sözlərinə görə, əhalinin artımı, kənd təsərrüfatında istifadə olunan torpaqların azalması, iqlim şəraitinin pisləşməsi kimi səbəblər süni ərzaq məhsullarının yaradılması istiqamətində tədqiqatların aparılması zərurətini ortaya qoyur: "Bundan başqa selektiv tədqiqatlar elmin bir sahəsidir və istər-istəməz aparılır. Elm hər zaman özünə lazım tədqiqatları deyil, zərərlilərini də aparır. Dünyanın ən zəngin tədqiqatları insanları məhv edən silahlar üzərində qurulub. Qida məhsulları ilə bağlı da ancaq faydalı tədqiqatlar aparılmır. Bəzi məhsulların süniləşdirilməsi istiqamətində tədqiqatların aparılması təbii haldır. Ancaq əsas odur ki, özünü həmin tədqiqatların zərərlərindən qoruya, ölkənin ərazisinə daxil olmasına imkan verməyəsən".

Ə.Əliyevin fikrincə, daxili təlabatı elə ödəmək lazımdır ki, xaricdən ümumiyyətlə bu cür məhsul alınmasın.

Alim bildirib ki, Azərbaycanın təbii coğrafiyasını, imkanlarını nəzərə alanda kənardan ərzaq məhsulu gətirilməsini qətiyyən məqbul saymaq olmaz: "Əsas işimiz mövcud imkanlarımızdan maksimum istifadə etmək, potensialı artırmaqdır. Gələcəkdə əhali artımına müvafiq olaraq ərzaq məhsullarının yetişdirilməsi daha selektiv şəkildə aparılmalıdır. Ərzaq məhsullarının genetik kodunun dəyişdirilmısi ilə bağlı tədqiqatlar daha çox Çində, Avropa ölkələrində, ABŞ-da aparılır. Təkcə bitkilərə deyil, heyvandarlıq məhsullarına da müdaxilə olunur. Heyvanların qida məhsullarına edilən müəyyən müdaxilələr ərzaq məhsullarının keyfiyyətinə təsir göstərir". 

Son xəbərlər

Orphus sistemi