Azərbaycanla ​Əfqanıstan arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla ​Əfqanıstan arasında Anlaşma Memorandumu imzalanıb Əfqanıstanda "ASAN Xidmət" yaradılır
Sosial müdafiə
13 İyul , 2016 11:06
Azərbaycanla ​Əfqanıstan arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. 13 iyul. REPORT.AZ/ Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstanda səfərdədir.

Bu barədə "Report"a Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Agentlikdən bildirilib ki, iyulun 12-də Əfqanıstan prezidentinin sarayında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Anlaşma Memorandumu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstanın Maliyyə Nazirliyi arasında imzalanıb. Memorandumun məqsədi Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizminin təsis edilməsidir.

İmzalanma mərasimində Əfqanıstanın nazirləri, deputatları və digər yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Mərasimdən sonra mətbuat konfransı keçirilib. Dövlət Agentliyinin sədri İ.Kərimov Azərbaycan-Əfqanıstan dostluq və tərəfdaşlıq münasibətlərindən danışıb. O, son illər Prezident İlham Əliyevin iqtisadi, sosial və dövlət idarəçilyi sahəsində həyata keçirilən uğurlu islahatlardan və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in fəaliyyətindən bəhs edib.

Əfqanıstanın maliyyə naziri Ekli Hakimi dövlət xidmətlərinin göstərilməsi sahəsində məhz Azərbaycan modelinin seçilməsi ilə bağlı məmnunluğunu bildirib və növbəti illərdə onun uğurla tətbiqinə əminliyini ifadə edib.

Qeyd edək ki, artıq Əfqanıstanda eyniadlı qurum təsis edilib (asan.gov.af).

Daha sonra Anlaşma Memorandumunu imzalayan tərəfləri dövlət başçısının sarayında Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani qəbul edib.   

Son xəbərlər

Orphus sistemi