Azərbaycanın Gürcüstandakı səfirliyində Qarabağ qaziləri ilə görüş keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyində Qarabağ qaziləri ilə görüş keçirilib Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədə amputant futbolçular arasında yarışa qatılan “Qarabağ qaziləri” futbol komandasının üzvləri ilə görüş keçirilib.
Sosial müdafiə
6 Avqust , 2019 19:34
Azərbaycanın Gürcüstandakı səfirliyində Qarabağ qaziləri ilə görüş keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədə amputant futbolçular arasında yarışa qatılan “Qarabağ qaziləri” futbol komandasının üzvləri ilə görüş keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov komanda üzvləri ilə görüşdən məmnun olduğunu bildirib.

O, Azərbaycan-Gürcüstan münasibətlərindən söz açaraq iki ölkə arasında idman sahəsində də sıx əməkdaşlığın olduğunu deyib. Diplomat Qarabağ qazilərinə Azərbaycanda dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan da söz açıb.

D.Həsənov “Qarabağ qaziləri” amputant futbol komandasının üzvlərinin Gürcüstanda keçirdikləri görüşləri uğurlu adlandırıb. Səfir Gürcüstan tərəfinə Azərbaycanda amputant futbolunun inkişafına göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Gürcüstanın Veteranlarla İş üzrə Dövlət Xidmətinin direktoru Vladimir İmnadze ötən illə müqayisədə “Qarabağ qaziləri” komandasının kifayət qədər gücləndiyini söyləyib: “Komanda artıq ikinci dəfədir Gürcüstanda keçirilən yarışlara qatılır. Azərbaycanlı futbolçuların bu dəfə nümayiş etdirdiyi oyunlar tam başqa oldu. Əminəm ki, komandanı irəlidə daha böyük uğurlar gözləyir”.

Abxaziya müharibəsi veteranı, ehtiyatda olan polkovnik Dodo Quqeşaşvili Gürcüstan və Azərbaycan arasında bütün sahələrdə hər zaman sıx münasibətlərin olduğunu bildirib. O, Azərbaycanda amputant futbolun inkişaf etdirilməsini yüksək qiymətləndirib. Veteran Qarabağ qazilərinə uğurlar arzu edib.

Sonra çıxış edən “Qarabağ qaziləri” amputant futbol federasiyasının rəhbəri Rövşən Akifoğlu səmimi qəbula görə D.Həsənova minnətdarlığını bildirib. Onun sözlərinə görə, yaranmasından bir il ötməsinə baxmayaraq, “Qarabağ qaziləri” artıq kifayət qədər güclənib və komanda Gürcüstanda keçirilən yarışda bunu bir daha sübut etdi.

R.Akifoğlu səfir D.Həsənov, V.İmnadze, Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov, D.Quqeşaşvili və Gürcüstanın Amputant Futbolçular Assosiasiyasının prezidenti Avtandil Çixladzeyə federasiyanın xatirə hədiyyələrini təqdim edib.

Sonda xatirə şəkilləri çəkdirilib.

Tədbirdən öncə görüş iştirakçıları Tbilisidə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstünü ziyarət edərək önünə gül dəstələri və əklil qoyublar.

Son xəbərlər

Orphus sistemi