Yuxarı

Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemləri BMT-nin portalında yerləşdirilib

Nümunənin qabaqcıl təcrübə kimi digər ölkələrdə də tətbiqinin təşviq olunmasına başlanıb

Bakı. 16 may. REPORT.AZ/  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək və sosial müdafiə sahələrində elektron texnologiyaların geniş tətbiqi şəraitində qurulan idarəetmə və xidmətlər sistemi BMT tərəfindən də qabaqcıl təcrübə nümunələri kimi yüksək dəyərləndirilib və Cənub-Cənub Əməkdaşlığı müstəvisində onların digər ölkələrdə də tətbiqinin təşviq olunmasına başlanıb.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycanda əmək münasibətləri, sosial müdafiə, tibbi-sosial ekspertiza, pensiya təminatı və s. sahələrdə avtomatlaşdırılmış sistemlər BMT tərəfindən Cənub-Cənub Əməkdaşlığı çərçivəsində paylaşılması və digər Cənub ölkələrində də tətbiqi məqsədəuyğun olan müasir və səmərəli, şəffaf iş mexanizmləri kimi qəbul edilib. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində yaradılmış əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, “Avtomatlaşdırılmış pensiya təyinatı Alt-Sistemi” qabaqcıl təcrübələr kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilib.

Portalda əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi (http://http//southsouthworld.org/solution/view?id=..., Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (http://http//southsouthworld.org/solution/view?id=..., Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (http://http//southsouthworld.org/solution/view?id=... və “Avtomatlaşdırılmış pensiya təyinatı Alt-Sistemi” (http://http//southsouthworld.org/solution/view?id=... barədə dolğun informasiyalar, nəzəri və praktik nəlumatlar əhatə edilib.

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı texniki əməkdaşlığın əsas vasitəsi və beynəlxalq əməkdaşlıqda mühüm elementlərdən biri olmaqla, inkişaf etməkdə olan ölkələri arasında siyasi, iqtisadi, sosial, mədəni, ekoloji və texniki sahələrdə əməkdaşlığın çərçivəsini müəyyən edir. Bu çərçivədə Cənub ölkələri arasında bilik və qabaqcıl təcrübələrin paylaşılması, təlim, texnologiya transferi, maliyyə və s. də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirilir. “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portal da inkişaf etməkdə olan ölkələrin müxtəlif sahələrdə əldə etdikləri qabaqcıl təcrübələri bir arada toplamaqla digər ölkələrin onlar barədə analitik və praktiki məlumatlara vahid çıxışına imkan yaradır və bu təcrübələrin daha geniş coğrafiyada tətbiqini təşviq edir.

Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali ilə sıx ünsiyyət şəraitini nəzərdə tutan bütün fəaliyyət sahələri innovativ əsaslar üzərində elektronlaşdırılıb. Nəticədə vətəndaşların əmək və sosial müdafiə sahəsi üzrə xidmətlərlə təminatının avtomatlaşdırılmış rejimdə, məmur-vətəndaş təmasları mümkün olmadan, şəffaf şəraitdə həyata keçirilməsinə imkan yaranıb. Bu sahədə əldə olunan nailiyyətlərin beynəlxlaq qurumlar, habelə növbəti dəfə dünyanın ən böyük təşkilatı olan BMT tərəfindən qabaqcıl təcrübə nümunələri kimi dəyərləndirilməsi Azərbaycanın bir çox sahələrdə olduğu kimi, artıq əmək və sosial müdafiə sahəsində də özünəməxsus müasir inkişaf modelinə malik bir ölkə kimi beynəlxalq aləmdə tanındığını göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi