Yuxarı
    Bağlamaq

    Azərbaycanın daha 46 rayonunda əlil və şəhid ailələri üçün fərdi evlərin inşasına başlanılır

    İlkin mərhələdə ümumilikdə 52 rayonda fərdi evin inşa edilərək əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur

    Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə yaxın günlərdə daha 46 rayonda əlil və şəhid ailələri üçün fərdi evlərin inşasına başlanılacaq. Bu barədə “Report”a ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bundan əvvəl 6 rayonda - Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Şəki, Qəbələ rayonlarında fərdi evlərin inşasına başlanıb.

    Beləliklə, ilkin mərhələdə ümumilikdə 52 rayonda hər birinin həyətyanı sahəsi olan 353 ədəd fərdi evin inşa edilərək əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.

    Bununla yanaşı, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində yaşayan və mənzil növbəsində olan müharibə əlilləri və şəhid ailələrinin çoxmənzilli yaşayış binalarında mənzillərlə təminatı həyata keçiriləcək.

    Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən, 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.

    Xatırladaq ki, əlil və şəhid ailələri yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində rayon (şəhər) icra hakimiyyətləri (İH) tərəfindən növbəyə götürülür və ƏƏSMN inşa edilmiş mənzillərin bölgüsünü rayon (şəhər) İH-lərinin təqdim etdikləri növbəlilik siyahıları əsasında həyata keçirir. Rayon (şəhər) İH-lərindən ƏƏSMN-ə təqdim olunmuş mənzil növbəliliyi siyahıları bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində yerləşdirilib. Burada həmçinin artıq mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin də siyahıları ictimaiyyətə təqdim olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi