Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanın avtomobil yollarında piyada keçidlərinin tikiləcəyi yerlərin təsbit olunması, piyada keçidləri arasında məsafənin müəyyənləşdirilməsi, yerüstü və yeraltı keçidlərin tikilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. “Report” xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər edilib.
Əlavə və dəyişikliklərə əsasən, avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin işıqforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.
Həmçinin qanunvericiliyə edilən digər dəyişikliyə görə, digər avtomobil yollarında - nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda həmin yollarda yerüstü və ya yeraltı keçidlər tikilməlidir.
Qeyd edək ki, əlavə və dəyişikliklər layihəsi səsverməyə qoyularaq qəbul edilib.