Yuxarı

​Azərbaycanda ünvanlı sosial yardımın təyinatında avtomatlaşdırılmış sistemə keçid üçün texniki hazırlıq işlərinə başlanılıb

Bu yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması üçün yaxın 5 ay ərzində texniki infrastrukturun hazırlanması təmin ediləcək

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda sosial yardım üçün müraciət etmək istəyən hər kəs, artıq bunu evindən uzağa getmədən edə biləcək. Bunu Prezident İlham Əliyevin fevralın 23-də imzaladığı fərmanın icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən konfransda nazir Səlim Müslümov deyib.

"Report" xəbər verir ki, fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılmaqla, bu yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması üçün yaxın 5 ay ərzində texniki infrastrukturun hazırlanması təmin ediləcək.

Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, "Elektron Hökumət" portalının operatoru – Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov və "Azərpoçt" MMC-nin baş direktorunun müavini Sübhan Kazımov iştirak ediblər.

Nazir bildirib ki, ölkədə təxminən 1 500 poçt şöbəsi var, hər üç kənddən birində poçt şöbələri var, bunların əksəriyyəti fiberoptik kanallar vasitəsilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq bölmələrinə birləşdirilib. Müraciətlər poçt vasitəsilə həyata keçiriləcək, digər ailə üzvləri tərəfindən vəkalətnamə ilə təstiqlənən şəxs ailə adından sosial yardım almaq üçün müraciət edəcək. Müraciət edən vətəndaş və ailə üzvləri haqqında verilən bütün məlumatları elektron formada qeyd edir, vəkalətnamə yoxlanıldıqdan sonra verilən elektron imza ilə öz məlumatlarını təstiqlədikdən sonra mərkəzə gələn məlumatlar müxəlif mənbələrdən yoxlanılır. Yardıma ehtiyacı olduğu təstiqlənən şəxslər cavabları əvvəlcədən formada qeyd etdikləri nömrələrə SMS vasitəsilə alacaqlar. Bununla yanaşı, yardımlarını hansı tarixdə və nə qədər müddət üçün alacaqları da SMS-də qeyd olunacaq.

S.Müslümovun sözlərinə görə, kimsə əvvəlki qaydada müraciət etmək istəsə, əvvəlki kimi yazılı şəkildə müraciət edə bilər, lakin bu halda da rayon poçt idarəsinə gedib öz elektron imzasını götürməlidir. Bundan başqa, öz elektron imzasını alan şəxs evində internetə çıxışı olan hər hansı vasitə ilə də özü elektron qaydada müraciət edə bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi