Baba və nənələri eyni olan şəxslərin nikahı qadağan edilməlidir.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova qohum evlilikləri ilə bağlı təşkil edilən ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, 1354 respondent arasında sorğu keçirilib və qohum nikahlarına münasibət öyrənilib: "Əksəriyyət mənfi yanaşsa da, müsbət fikirlər də var. Əsas məsələlərdən biri yaşlı nəslin təkidi, ataların öz qızlarının təhlükəsizliyini təmin etdiyini sanması, nəsildən-nəslə keçən lazımsız stereotiplər, erkən nikahlardır. Belə yanaşma var ki, tərbiyəli, qızları, adətən qohumlar alır. Bu isə qızlara qarşı genderəsaslı zorakılığın bir növü hesab edilir. Boşanma proseslərində qohumlar arasındakı nikahlara xitam verilirsə, nəsillər arasında düşmənçilik ciddi həddə çatır, hətta nəsildən-nəslə ötürülür".
T.İbrahimova bildirib ki, erkən nikahlar kimi, qohum nikahları da qəbul olunmamalıdır: "Qanunvericilik sərtləşdirilməli, baba və nənələri eyni olan şəxslərin nikahı qadağan edilməlidir. Qohum evliliklərində əlil uşaqların doğulması riski yad şəxslərin evlilikləri ilə müqayisədə iki dəfə yüksəkdir. Həmçinin əlil doğulan uşaqların 8.4 faizi qohum evliliklərinin nəticəsidir. Belə evliliklərdə ölü və yarımçıq doğumların sayı da çoxdur".