Yuxarı

Azərbaycanda "qız yükü" qızıl yükü olacaq - ARAŞDIRMA

Hazırda Azərbaycan cins nisbətinin pozulmasına görə dünyada ikinci yerdədir

Bakı. 16 iyun. REPORT.AZ/ BMT-nin son araşdırmalarına əsasən, Azərbaycanda hamiləliklərin təxminən yarısı süni yolla dayandırılır. Qurumun hesabatında qeyd olunub ki, bunun nəticəsində ölkədə doğulan uşaqların cins nisbəti pozulub. Hazırda Azərbaycan cins nisbətinin pozulmasına görə dünyada ikinci yerdədir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2014-cü ildə Azərbaycanda 27 min 220 abort qeydə alınıb. Qeydə alınan abortların arasında selektiv abort, yəni dölün cinsinə görə hamiləliyə xitam verilməsi üstünlük təşkil edib

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayevin sözlərinə görə, son illərin doğum statistikası Azərbaycanda doğulan hər 116 oğlana 100 qız düşdüyünü göstərir: "Beynəlxalq səviyyədə qəbul olunan normaya görə 100 oğlana 104 qız düşməlidir. Yəni hazırda Azərbaycanda oğlanlar qızlardan 10-11 faiz çoxdur. Ölkədə 1975-1980-ci illərə qədər doğulan uşaqların cins nisbəti pozulmayıb. 1998-ci ildən isə bunun pozulma dinamikası artıb".

F.Babayev bildirib ki, cins nisbətinin pozulmasının qarşısı alınmasa gələcəkdə ölkədə kişilərin sayı sürətlə artacaq: "Sonra gender bərabərliyini bərpa etmək çətin olacaq".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda ailə zorakılığı, abortlar və uşaq intiharlarının sayı artıb: "Azərbaycan ailələrində zorakılıq, uşaq intiharları və abortların artmasına səbəb həmin ailələrdə ailə üzvlərinin bir-birindən ayrı yaşaması, nikahsız ailələrin qurulması, qeyri-rəsmi nikahdan uşaqların dünyaya gətirilməsidir. Bu cür halların qarşısı alınmalıdır".

İki aydır "Təmiz Dünya" İctimai Birliyinin sığınacağında yaşayan G.Ə bu problemlərdən əziyyət çəkən azərbaycanlı xanımlardan biridir. Hazırda 41 yaşı olan G.Ə-ni 21 yaşı olanda evlənmək məqsədi ilə məcburi qaçırıblar: "Kənddə mağar toyunda oturanda heç bilmirdim məni qaçırdan kimdir. Yoldaşım 5 yaş məndən böyük idi. Onu istəmirdim, ona görə də, heç 1-2 gün orda qalmadım, imkan tapan kimi, atamgilə qaçırdım, amma məni döyə-döyə geri qaytarırdılar. Yola gedə bilmirdim onunla, o evdə yaşamaq istəmirdim. Dəfələrlə atamgilə getdim, amma məni qəbul etmədilər. Orada yaşamağa, dözməyə məcbur oldum. Çünki başqa şansım yox idi. Ailə qurandan bir il sonra oğlum oldu. Sonra isə yoldaşım daha övlad sahibi olmaq istəmədiyini bildirdi, xüsusən də qız övladının evinə girməyəcəyini dedi".

Oğlunun hazırda 19 yaşı olduğunu deyən ana başına gələn son hadisələr zamanı oğlunun evdə deyil, əsgərlikdə olduğunu söyləyib.  

Məişət zorakılığının qurbanı olan xanımın sözlərinə görə, evli olduğu 20 ildə dəfələrlə həyat yoldaşı onu aborta məcbur edib: "Hamiləliyimin ikisinin cinsinin qız olduğunu öyrənmişdim, ikisini isə heç imkan vermədilər ki, cinsini öyrənim, məni abort etdirməyə məcbur etdilər. Abortlardan sonra sağlamlığımda ciddi problem yarandı, dəfələrlə müalicə olundum, amma müalicələrin təsiri olmadı. Axırıncı dəfə həkimə gedəndə süd vəzimdə şiş olduğunu dedilər. Uşaq baxçasında təmizlikçi işləyirdim, biraz özüm pul düzəltdim, biraz da yoldaşımı məcbur etdim ondan aldım, İrana gedən xanımlara qoşulub ora həkimə getdim. Həkim bildirdi ki, abortlar nəticəsində sağlamlığımda ciddi problemlər yaranıb. Sonra da əlavə etdi ki, yalnız ana olsam sağala bilərəm. İllərdi xəstə idim deyə hamilə qala bilmirdim, İrandan gələndən sonra müalicə olundum və hamilə qaldım. Ana olacağımı biləndə həm evdə, həm də qaynanam və baldızım tərəfindən təzyiqlərə məruz qaldım. Mənə təzyiq edirdilər ki, bu övladımı da abort elətdirməlisən, amma razılaşmadım. Yoldaşım dedi ki, bizi evə qoymayacaq, qovacaq hər ikimizi. Amma mən bu dəfə övladımı öldürtdürməməyə söz vermişdim, qız olduğunu biləndə isə ona lap bağlandım". 

Hazırda sığınacaqda yaşayan xanımın ötən il qızı dünyaya gəlib: "Xəstəxanaya heç kim arxamca gəlmədi, ərim bizi evə qoymadı. Polislə evə girdim. Bir müddət sonra məni qovdu, artıq dözə bilmədim. Hər gün içirdi, məni döyürdü, işığı kəsirdi, uşağa heç nə almırdı, uşağın yemək qablarını sındırırdı. Deyirdi başqası ilə evlənəcəm. İşgəncələrə dözməyə gücüm qalmadığına görə intihar etməyə qərar verdim. Övladıma süd verdim, onunla vidalaşdım, özümü evdə ipdən asdım. Həmin vaxt qaynanam təsadüfən evə gəlib, ipi kəsib məni xilas ediblər. Gözlərimi açanda xəstəxanada olduğumu gördüm. Xəstəxanadan çıxandan sonra o evə qayıtmadım".

G.Ə. bildirir ki, daha sonra bələdiyyə ona kənddə ev verib: "Həmin ev uçuq-sökük idi, körpə uşaqla yaşamaq mümkün deyildi, uşağı qoyub  işə də gedə bilmirdim. Qohumların, qonşuların evinə sığınmışdım. Günlərlə ac qalırdım. Hamı deyirdi uşağı at, mən balamı necə ata bilərdim?! Ana övladını necə ata bilər axı?! Bir gün qonşu mənə dedi ki, televiziyada qadınlarla bağlı sığınacaqdan danışırdılar. Onlar sənə kömək edə bilər. Mənə nömrə verdi. Amma qorxurdum, fikirləşirdim birdən aldadarlar məni, uşağımı əlimdən alarlar. Amma başqa yolum olmadığımdan aprel ayında balamı da götürüb Bakıya gəldim. Yolda iki qızla rastlaşdım, onlar mənə kömək etdi. Telefonum da yox idi, o qızların telefonu ilə Mehriban Zeynalovaya zəng etdim. O, mənə yolu başa saldı, həmin qızlar sağolsun məni gətirdilər Mehriban xanım deyən ünvana...".

G.Ə. geri qayıtmaq istəmir: "Uşağım körpədi, biraz böyüsün onu baxçaya qoyub, mütləq işləyəcəm. Bu 20 ildə də necə dözmüşəm bilmirəm".

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova "Report"a bildirib ki, artıq hökumət səviyyəsində abortlar, xüsusilə qız uşaqlarının dünyaya gəlmədən məhv edilməsi ilə bağlı SOS siqnalı çalınıb: "Cəmiyyətdə qadına qarşı zorakılığın ilkin əlaməti, başlanğıcı selektiv abortlardır. Problemin kökü isə cəmiyyətdə və ailədə qadına olan münasibətdən qaynaqlanır. 30-40 il əvvəl qız övladına ailədə qadağalar qoyulurdu, amma öldürülmürdü, dünyaya gəlməsinin qarşısı alınmırdı. Hazırda isə bəzi ailələr övladlarının cinsiyyətini bilən kimi dərhal məhv edirlər. Biz qız uşağını diri-diri basdırmaqla VII əsrdəki ərəb adət ənənsinə qayıdırıq. Əksəriyyət mənəvi-əxlaqi dəyərlərə görə qız uşağının dünyaya gəlməsi ilə problemlər yaşamaq istəmir".

M.Zeynalova qeyd edib ki, qız qaçırtma ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləndən sonra bu cinayətin qarşısı ciddi şəkildə alınıb: "İndi isə qız uşaqlarının abortu ilə bağlı həm həkimin, həm də qadını aborta məcbur edən, həkimə gətirən şəxsin məsuliyyətə cəlb olunması məsələsi gündəmdə olmalıdır. Çünki qadın öz övladından könüllü imtina etmir. Aidiyyəti orqanlar bu məsələnin üzərində ciddi şəkildə işləməlidir".

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Report"a açıqlamasında bildirib ki, qanunvericilik Azərbaycanda selektiv abortu qadağan edir: "Əsassız, səbəbsiz selektiv abort aparan həkim məsuliyyət daşıyır. Təəssüflər olsun ki, qadağalara baxmayaraq bu hallar Azərbaycanda müşahidə olunur. Bu cür halların qarşısını almaq üçün yalnız təbliğat və maariflənmə işi aparılmalıdır. Çünki məsələni güclə həll etmək mümkün deyil".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin qəbuluna ehtiyac var: "İlk dövrlərdə qanun layihəsinin qəbul olunmama səbəbləri müxtəlif idi. Subyektiv səbəb kimi kütlə psixologiyasını götürmək olar, cəmiyyətin böyük bir hissəsi “donorluğu” və “surroqat ana”nı günah kimi qiymətləndirir".

H.Rəcəbli qeyd edib ki, selektiv abortlarının qarşısını almaq üçün, cəmiyyətdə çoxuşaqlılığı təbliğ etmək lazımdır: "Qəribədir ki, maddi imkanı yaxşı olan ailələr bir və ya iki uşaqlarının olmasına üstünlük verirlər. Halbuki onlar daha çox övlad dünyaya gətirə bilər, onları daha yaxşı böyüdə, uşaqlarına gözəl həyat bəxş edə bilərlər. Növbəti məsələ isə hüquqi bazanı gücləndirməkdir. Qanun selektiv abortlara qadağa qoyub, bu qanunun icrasına nəzarət olunmalıdır. Nəzarəti isə prokurorluq və ya digər hüquq-mühafizə orqanları edir. Təəssüf ki, selektiv abortlar qeydə alınmır, anaların bunu niyə etdiklərinin səbəbləri bilinmir. Belə halların qarşısını güclə, inzibati qaydada almaq mümkün deyil. Yalnız təbliğat və maariflənmə işi aparılmalıdır".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gender məsələləri şöbəsinin eksperti Sevinc Məmmədova "Report"a bildirib ki, doğulan uşaqların cins nisbətinin pozulması probleminin reproduktiv sağlamlıq və əhali məsələləri, eyni zamanda gender münasibətlərinin dinamikası ilə birbaşa əlaqəsi var: "Hazırda Azərbaycanda uşaqların 54 faizi oğlan, 46 faizi qızdır. Oğlan uşaqlarının sayının çox olması gender bərabərsizliyi, selektiv abortlar, məişət zorakılığı kimi halların nəticəsidir".

Ekspertin sözlərinə görə, selektiv abort qadınlara qarşı zorakılıqdır: "Üstəlik, bu, gələcəkdə demoqrafik problemlərə yol açır. Ölkəmizdə qadınların cəmiyyətdə rolunu daha da artırmaq məqsədi ilə dövlət tərəfindən məqsədyönlü işlər aparılır. Azərbaycanın ailə, qadın və gender problemləri ilə bağlı götürdüyü öhdəliklər, bu sahədə aparılan siyasət qanunvericilikdə öz əksini tapıb. Azərbaycanda “Əhalinin sağlamlığının qorunması haqqında”, “Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında” qanunlar, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair (2014-2020-ci illər üçün) Dövlət Proqramı, "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı(2014-2025-ci illər)” qəbul edilib".

Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də mütəmadi olaraq ailə planlaşdırılması və reproduktiv sağlamlıqla bağlı ölkənin regionlarında maarifləndirmə tədbirləri həyata keçirir.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri, ginekoloq Turab Canbaxışov "Report"a bildirib ki, abortlar riskinə görə iki yerə bölünür: 10 həftədən yuxarı və 10 həftənin altında olan abortlar: "On həftənin altında olan abortların riski daha azdır. Abortlar nəticəsində qadında infeksiya olma, uşaqlığın bir-birinə yapışması, qanaxma, uşaqlığın müdafiə sırasında alətlə yırtılması, uşaqlığın içində dölün parçalarının qalması riskləri var".

O qeyd edib ki, qanunvericiliyə əsasən, 12 həftəyə qədər abortlara icazə verilir: "10-12 həftədə olan abortlar ən riskli abortlar sayılır".

Abortların fəsadlarından danışarkən həkim bildirib ki, böyük abortlar zamanı qadında müvəqqəti də olsa hormonal disbalans yaranır: "Hamiləlikdə süd vəzləri də inkişaf edir. Abort nəticəsində süd vəzilərinin südvermə yolunda olan təbii inkişafı dayanır".

Həkim xatırladıb ki, Azərbaycanda aparılan böyük abortlar parçalayıcı üsulla aparılır: "Yəni daha sürətli şəkildə uşağlıq boynu genişləndirilr, döl parçalanıb çıxarılır. İstənilən abortda ölüm riski var, amma ölüm hallarına az-az rast gəlinir. Ölüm ancaq abort vaxtı uşaqlıqda yırtılma olarsa baş verir, çünki yırtılma nəticəsində daxili qanaxma baş verə bilər. Bundan başqa, abort nəticəsində orqanizmə infeksiya keçmə ehtimalı var. Uşaqlıq içinə infeksiya düşə bilər ki, bu da qana keçib qan dövranı, ümumi bədəni infeksiyalaşdıra bilər. Həkim böyük abortlardan sonra passienti nəzarətdə saxlamalıdır".

O qeyd edib ki, qadınların abort elətdirmə səbəblər müxtəlif olur: "Azərbaycanda abortların səbəbləri ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi belə bir statistika aparılmayıb. Ümumiyyətlə, abortun səbəbləri kimi ilk öncə cütlüyün ailə planlaşdırmasında problemlərin olması göstərilir. Çünki düzgün qorunmağı bacarmırlar və yaxud da düzgün qorunduğunu düşünüb hamilə qalırlar. Sonra isə uşaq sahibi olmaq planlarında olmadığı üçün hamiləliyi sonlardırırlar. İkinci yerdə cinsiyyət məsələsi dayanır. Yəni dünyaya gələcək övladın qız olduğunu biləndə ana ya özü abort etdirir, ya da onu buna məcbur edirlər. Bundan başqa, abortlar döldə yaranan qüsur, ailə problemləri, sağlamlıqla bağlı problemlərlə bağlı ola bilir".

Abortun tamamilə ləğv olunması məsələsinə münasibət bildirən həkimin sözlərinə görə, bu düzgün deyil: "Abortun ləğvi həm də qeyri-qanuni, kriminal abortlara gətirib çıxara bilər. Bu da qadınların sağlamlığına daha mənfi təsir göstərər, ana ölümlərinə səbəb olar. Abortların 12 həftədən 10 həftəyə qədər endirilməsi mümkündür, bu cinsiyyət ayrıseçkiliyinin qarşısını alacaq".

Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) psixoloqu Elnur Rüstəmov qadınların mərkəzə abort ediləndən sonra müraciət etdiklərini bildirib: "Bu prosesdən sonra xanımlarda sayrışan nevroz formasında obsessiv-kompulsiv pozuntu, pasiyentdə təşviş-həyəcan pozuntusu yaranır. Özlərini günahkar hiss edirlər. Depression hal olur. Bu xəstəlik uzun müddət davam edə bilər".

O qeyd edib ki, bununla bağlı ailə planlaşdırılması mərkəzləri var: "Əvvəllər insanlar ümumiyyətlə mərkəzlərə müraciət etmirdilər, indi isə artıq bu problemlər aradan qaldırılır. Son vaxtlar isə müraciətlər artıb. Hətta kişilər də müraciət edirlər.

Qadınların psixologiyası fərqlidir. Onlar bəzən həyat yoldaşı ilə mübahisə edirlər və tələsik qərara gəlirlər ki, mübahisə etdiyim, dalaşdığım adamdan övlad dünyaya gətirmərəm və aborta müraciət edirlər. Sonra isə peşman olurlar". 

Bu yazı BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin (UNFPA Azerbaijan) keçirdiyi müsabiqəyə təqdim olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi