Azərbaycanda qəyyumluğa uşaq götürənlərə dövlət yardımı artırıla bilər

Azərbaycanda qəyyumluğa uşaq götürənlərə dövlət yardımı artırıla bilər Bu, uşaq müəssisələrinin saxlanılmasına ayrılan vəsaitə də qənaət etməyə imkan yaradacaq
Sosial müdafiə
5 Yanvar , 2018 12:22
Azərbaycanda qəyyumluğa uşaq götürənlərə dövlət yardımı artırıla bilər

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanda uşaqların qəyyumlarına sosial müavinətin onların gəlirindən, ünvanlı dövlət sosial yardımına hüququndan asılı olmayaraq təyin edilməsi daha məqsədəuyğundur.

“Report” bu barədə Hesablama Palatasının sosial müavinət, kompensasiya və təqaüd təminatının mövcud vəziyyətinin təhlili, əhalinin sosial müdafiə sistemində onun rolunun və səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı aparılan analitik təhlilinə istinadən xəbər verir.

“Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqları qəyyumluğa götürən şəxslərə dövlət tərəfindən zəruri sosial yardım göstərilməlidir. Bu baxımdan həmin uşaqların qəyyumlarına sosial müavinətin onların gəlirindən, ünvanlı dövlət sosial yardımına hüququndan asılı olmayaraq təyin edilməsi daha düzgün olardı. Eyni zamanda, belə uşaqların qəyyumluğa götürülməsinin həvəsləndirilməsi uşaq müəssisələrinin maliyyə yükünün də azalmasına səbəb olacaq. Həmin müavinətin maliyyələşdirilməsi üçün tələb olunan əlavə vəsaiti uşaq müəssisələrinin saxlanılmasından qənaət ediləcək vəsaitlə kompensasiya etmək olar”, - deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, “Uşaq hüquqları haqqında” qanunun 31-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müəssisələrdə yerləşdirilməsi üsulu ilə təmin edilir.

Statistik hesabatlara əsasən, 2015-ci və 2016-cı illərdə yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarının ümumi sayının 472 nəfərdən 437 nəfərədək, aztəminatlı ailələrin 1 yaşınadək uşaqlarının sayının 5 487 nəfərdən 2 628 nəfərədək azalması həmin kateqoriyadan olan şəxslərə təyin olunan sosial müavinətlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitdə öz əksini tam şəkildə tapmayıb.

"Həmin faktın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyə sənədlərinə əsasən araşdırılmasına ehtiyac duyulur", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi