Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması müzakirə olunub

Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması müzakirə olunub DSMF-nin sədri: "Qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi mürəkkəb mərhələdir"
Sosial müdafiə
29 Aprel , 2015 12:44
Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması müzakirə olunub

Bakı. 29 aprel. REPORT.AZ/ "Fairmont Baku" hotelində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsinin müzakirəsinə həsr olunan konfrans keçirilib. "Report" xəbər verir ki, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin çərçivə planının müzakirə olunduğu tədbirdə bir sıra Avropa ölkələrinin Azərbaycandakı səfirləri, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, Azərbaycanda əhalinin rifahının yüksəldilməsi konsepsiyası uğurla icra olunur və bunun nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub. Onun sözlərinə görə, iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasını daim diqqət mərkəzində saxlayırlar və bu da vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin edir. Fond sədri qeyd edib ki, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir.

E.Mehdiyev deyib ki, pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri Azərbaycan Prezidentinin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunan "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nda müəyyən olunub. Konsepsiyanın mühüm əhəmiyyətindən bəhs edən E.Mehdiyev bildirib ki, pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi zəruridir: "Sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktual təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması ilə yanaşı, əlavə pensiya təminatı imkanlarının yaradılması məqsədilə könüllü sosial sığortanın tətbiqi də islahatların əsas məqsədlərindən biridir".

Onun fikrincə, könüllü sosial sığortanın tətbiqi, bu əsasda əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi mürəkkəb mərhələdir: "Bu hərtərəfli araşdırmalar tələb edir"

Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel hər iki ölkənin müxtəlif istiqamətlərdə fəal əməkdaşlıq etdiyini vurğulayaraq Azərbaycanda pensiya təminatı sahəsində islahatların əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini qeyd edib. BMT-nin İnkişaf Proqramının rezident əlaqələndiricisi Antonius Broek Azərbaycanda son illər sığorta-pensiya sistemində əsaslı islahatların keçirildiyini və bu islahatların vacib önəm daşıdığını bildirib. 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, Azərbaycanın yürütdüyü siyasətin əsas məqsədi sosial müdafiənin gücləndirilməsidir. O bildirib ki, növbəti mərhələdə sığorta-pensiya sistemində nəzərdə tutulan islahatlar sosial ədalətin gücləndirilməsi, pensiya təminatı sahəsində yeni institutların formalaşdırılması və digər önəmli dəyişiklikləri özündə əks etdirəcək.

Layihə rəhbəri, Latviyanın rifah nazirinin müavini İngus Alliks və layihənin tərəfdaş rəhbəri, Almaniyanın Əmək və Sosial İşlər Nazirliyinin nümayəndəsi Natali Belorgey Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində fəaliyyət göstərən birgə layihənin uğurla davam etdirildiyini qeyd ediblər.

Tədbirin davamında təqdimatlar nümayiş etdirilib. Layihə rəhbəri, Latviyanın rifah nazirinin müavini İngus Alliks layihənin icra vəziyyəti, ötən dövrdə görülmüş işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi