"Azərbaycanda qadın sahibkarlığının inkişafı" mövzusunda forum keçirilib

"Azərbaycanda qadın sahibkarlığının inkişafı" mövzusunda forum keçirilib Hicran Hüseynova: "İqtisadi baxımdan müstəqil olan qadınların ailələri daha çox inkişaf edir"
Sosial müdafiə
22 Dekabr , 2015 15:41
Azərbaycanda qadın sahibkarlığının inkişafı mövzusunda forum keçirilib

Bakı. 22 dekabr. REPORT.AZ/ "Azərbaycanda qadın sahibkarlığının inkişafı" mövzusunda açıq qapı vətəndaş forumu keçirilib. "Report" xəbər verir ki, forumu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təşkil edib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, "İşgüzar Qadınlar İnkişaf Naminə" İctimai Birliyinin rəhbəri Sürayə İsmayılova, "Memar SS" şirkətinin rəhbəri Sayalı Səfərova, "Vətəndaşların sosial rifahının gücləndirilməsinə dəstək" İctimai Birliyinin sədri Venera Əsgərova və başqaları iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, Komitəyə daimi sahibkarlıq fəaliyyətilə məşğul olmaq istəyən xeyli sayda qadın müraciət edir: "Müstəqilliyin ilk illərində ölkədə sahibkarlıq o qədər də inkişaf etməmişdi. Amma sonradan Azərbaycanın iqtisadi cəhətdən güclənməsi qadın sahibkarlığının inkişafına imkan yaratdı. Təcrübə göstərir ki, iqtisadi baxımdan müstəqil olan qadınların ailələri daha çox inkişaf edir. Belə olan halda isə erkən nikahların, təhsildən yayınma hallarının qarşısı alınır".

Komitə sədrinin sözlərinə görə, komitəyə müraciət edən qadınlar İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna yönləndirilir.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva qeyd edib ki, 2014-2015-ci illərdə 73 qadın üçün bizneslə bağlı təlim keçirilib.

Daha sonra qadınların sahibkarlığa cəlb olunması ilə bağlı digər tədbir iştirakçıları öz təcrübələrini bölüşüblər.

Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi