Yuxarı

Azərbaycanda Prezident təqaüdü alan şəxslərin sayı açıqlanıb

Həmin şəxslərdən 176 nəfəri Milli Qəhrəman fəxri adı verilmiş şəxslərdir

Bakı. 29 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezident aylıq təqaüdü ilə təmin olunan şəxslərin sayı iyulun 1-ə 56 539 nəfər təşkil edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, həmin şəxslərdən 176 nəfəri Milli Qəhrəman fəxri adı verilmiş şəxslərdir (həmin şəxslərdən həlak olan insanların ailə üzvlərinə bu təqaüd ödənilir.) Prezidentin aylıq təqaüdü ilə təmin olunanların 19 699 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13 097-si şəhid ailələridir. Həmçinin 20 Yanvar faciəsi zamanı şəhid olmuş 115 nəfərin ailəsinə və 303 nəfər 20 Yanvar əlilinə, 405 nəfər İkinci Dünya müharibəsi iştirakçısına Prezidentin aylıq təqaüdü ödənilir. 394 nəfərə isə Prezidentin fərdi təqaüdü verilir.

Fəxri ad almış 2 365 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 19 923 nəfər, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 62 nəfər hərbi qulluqçunun ailə üzvləri də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər.

Digər sosial ödənişlər kimi, Prezidentin aylıq təqaüdünün məbləği də mütəmadi olaraq artırılır. Cari ilin yanvar ayında dövlət başçısının imzaladığı fərmanlarla və sərəncamla Prezidentin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 95 faizə qədərinin təqaüdlərinin növbəti dəfə artırılması təmin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi