Azərbaycanda nazirlik tikinti şirkətində işləri məcburi qaydada dayandırıb

Azərbaycanda nazirlik tikinti şirkətində işləri məcburi qaydada dayandırıb Aşkar edilmiş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, cərimələr tətbiq edilib
Sosial müdafiə
14 Noyabr , 2014 14:29
Azərbaycanda nazirlik tikinti şirkətində işləri məcburi qaydada dayandırıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində (EİS) mövcud məlumatların aidiyyəti dövlət qurumlarının informasiya ehtiyatlarından inteqrasiya olunmuş məlumatlarla üzləşdirilməsi zamanı Bakı şəhəri və Abşeron rayonlarında bəzi müəssisələrin işçilərlə əmək münasibətlərinin EİS-də qeydiyyatdan keçirilməklə rəsmiləşdirilmədiyi müəyyən edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, bunlar “Qrafik-Ko” MMC (Bakının Nizami rayonu), “İnşaat konstruksiyaları” MMC (Nəsimi rayonu) və “Abşeron A-1” MTK (Abşeron rayonu) müəssisələridir.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşları həmin müəssisələrdə olaraq, yerindəcə müvafiq araşdırma aparıblar.

Araşdırma zamanı “Qrafik-Ko” MMC-də 7 nəfər, “İnşaat konstruksiyaları” MMC-də 8 nəfər, “Abşeron A-1” MTK-da 4 nəfər işçi ilə bağlanmış əmək müqavilələrinin ƏƏSMN-in elektron informasiya sistemində qeydiyyatdan keçirilmədiyi, beləliklə, onların qeyri-leqal əmək fəaliyyətinə cəlb edildikləri aşkar olunub. Belə ki, Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin sistemdə qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Aşkar edilmiş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, cərimələr tətbiq edilib.

Eyni zamanda, hər üç müəssisədə əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilmədiyi, işçilərə fərdi mühafizə vasitələri verilmədiyi də aşkar edilib. Bununla bağlı olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun 28-ci maddəsinə əsasən, qeyd olunan işəgötürənlərdə əməyin mühafizəsi ilə bağlı hüquq pozuntuları aşkar edilmiş ayrı-ayrı istehsal və tikinti sahələrinin bu pozuntular aradan qaldırılanadək dayandırılması məqsədi ilə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi