Azərbaycanda məişət zorakılığı problemi “barışıq” yolu ilə həll oluna bilərmi? - ARAŞDIRMA

Azərbaycanda məişət zorakılığı problemi “barışıq” yolu ilə həll oluna bilərmi? - ARAŞDIRMA Ekspert: “Barışdırmaq o zaman effektiv olur ki, müvafiq orqan qadının arxasında zamin kimi dayanır"
Sosial müdafiə
248
4 Noyabr , 2016 16:13
Azərbaycanda məişət zorakılığı problemi “barışıq” yolu ilə həll oluna bilərmi? - ARAŞDIRMA

Bakı. 4 noyabr. REPORT.AZ/ Bəzi hüquqşünaslar Azərbaycanda məişət zorakılığı probleminin həlli istiqamətində hüquq-mühafizə orqanlarının ailədaxili barışıq yaratmaqsında problemlərin olduğunu vurğulayırlar. Ekspertlərin fikrincə, hüquq-mühafizə orqanlarına məişət zorakılığının qarşısının alınması ilə bağlı araşdırma apararkən tərəflərin münasibətlərinin normallaşmasına və ailədə münasibətlərin bərpa olunmasına yardım göstərmək vəzifəsinin verilməsi yalnışdır. Eyni zamanda, zorakılığı törətmiş şəxslə zərərçəkən arasında münasibətlərin normallaşdırılması və ailə münasibətlərinin bərpa olunmasına kömək göstərmək məsələsi yerli icra hakimiyyəti orqanlarının vəzifəsinə daxil edilməsi zərərli olmaqla bərabər qanundakı boşluqlardan irəli gəlməsi iddia olunur. Belə bir müdaxilə mənfi nəticə verə bilər. Digər tərəfdən, ekspertlər hüquq-mühafizə orqanları və yerli icra hakimiyyəti nümayəndələri tərəfindən “barışdırmaq” missiyasından şikayətlə bağlı işin tez “bağlanması” naminə sui-istifadə etməsi hallarının olduğunu da vurğulayırlar. Hüquqşünaslar hesab edirlər ki, bəzi məqamlarda zorakılıq qurbanı olan şəxsin razılığı ilə işə xitam da verilə bilər. Çünki bu razılığın çox vaxt qurbanın həyat yoldaşının ailəsinin təzyiqi altında verilməsi faktı nəzərdən yayınır.

Məişət zorakılığı sahəsi üzrə ixtisaslaşmış hüquqşünas Sevinc Əliyeva “Report”a bilidirib ki, Azərbaycan qanunvericiliyində məişət zorakılığının qurbanının onu bu vəziyyətə salan şəxslə barışdırmaq missiyası deyilən bir müddəa yoxdur: “Əgər həmin qurban aidiyyəti qurumlara müraciət edirsə, ona 24 saat ərzində mühafizə orderi verilməlidir. Ancaq şəxs məhkəməyə müraciət edirsə, ona üç gün ərzində order verilir”. 

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarına həmin şəxsləri barışdırmaq üçün əlavə səlahiyyətlər verilməyib: “Əgər işə xitam verilməsi ilə bağlı müraciət daxil olarsa və iş cinayət həddinə, yaxud inzibati cəza növünə gəlməyibsə, onda mühafizə orderinin işə salınması istiqamətində iş dayandırılır”.

Hüquqşünas qeyd edib ki, barışdırmaq missiyası sırf mental dəyərlərdən irəli gəlir: “Barışdırmaq yalnız müvafiq orqan qadının arxasında zamin kimi dayandıqda effektiv olur. Ən azından kişi qadınına təzyiq etmək istəyəndə nəticəsinin onun üçün pis olacağını hiss etməlidir. Adi barışıq üsulu isə zorakılığı sonrakı dövr üçün daha da qəddarlaşdırır”.

S.Əliyeva vurğulayıb ki, yerli icra orqanının məişət zorakılığının bir daha baş verməyəcəyinə zamin durması da qanunsuzdur: “Çünki bunun üçün aidiyyəti qurumlar tərəfindən mühafizə orderi olmalıdır. Əsas problem həmin orderin işlək mexanizminin çox zəif olmasıdır. 2012-ci ildən bununla bağlı qanun olsa da, bu gün orderlərin verilməsi sayı barmaqla sayılacaq səviyyədədir. Xarici ölkələrdə olduğu kimi, Azərbyacanda da kişinin evdən çıxarılması ilə bağlı qanunvericilikdə hansısa müddəa yoxdur. Çünki yerli icra nümayəndəsi bütün günü zorakılığa məruz qalan şəxsə nəzarət edə bilməz, hadisə ani vaxt baş verir”.

Son xəbərlər

Orphus sistemi