Azərbaycanda məcburi köçkünlərə humanitar yardım verilib

Azərbaycanda məcburi köçkünlərə humanitar yardım verilib Bundan sonra da Azərbaycandakı məcburi köçkünlərə bu cür humanitar yardımlar davam etdiriləcək
Sosial müdafiə
1 Mart , 2016 12:30
Azərbaycanda məcburi köçkünlərə humanitar yardım verilib

Bakı. 1 mart. REPORT.AZ/ Bu il də İslam İnkişaf Bankının xətti ilə Səudiyyə Ərəbistanı Krallığının "2015-ci il Həcc mövsümünün Qurban ətindən istifadə layihəsi" çərçivəsində humanitar yardım olaraq Azərbaycandakı məcburi köçkünlərə 37 ton 300 kiloqram qurbanlıq əti gətirilib. Bu barədə "Report"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində ehtiyacı olan insanlara qardaşlıq yardımı çərçivəsində həyata keçirdiyi bu layihəyə uyğun olaraq, ölkədəki məcburi köçkünlərə humanitar yardım kimi göndərilən 5000 cəmdəyin qablaşdırıldığı, hər biri 10 kiloqram olmaqla 3730 qutudan ibarət humanitar yardım Dövlətqaçqınkomun Təchizat və İstehsalat İdarəsinin, regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin, həmçinin müvafiq rayon icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə nəzərdə tutulmuş ərazilərdə - məcburi köçkünlərin sıx məskunlaşdıqları Füzuli rayonu ərazisində, cəbrayıllı məcburi köçkünlərin məskunlaşdıqları Biləsuvar və İmişli rayonları ərazisində, xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki qəsəbələrdə yaşayan məcburi köçkün ailələrinə paylanılması üçün adıçəkilən rayonların icra hakimiyyətlərinə təhvil verilib.

Bu gün ən böyük donor ölkə və beynəlxalq inkişafın əsas tərəfdaşı hesab olunan, humanitar aksiyaların maliyyələşdirilməsi üçün xeyriyyə yardımlarına görə son illər dünya dövlətlərinin ön sıralarında gedən Krallığın humanitar yardımına görə məcburi köçkün soydaşlarımız Azərbaycan Prezidentinə və Səudiyyə Ərəbistanı Krallığına dərin minnətdarlıqlarını bildirib, iki ölkə arasında humanitar əməkdaşlığın bundan sonra da yüksək səviyyədə və davamlı inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Humanitar yardımın paylanılması ilə bağlı tədbirdə iştirak edən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, İslam İnkişaf Bakının nümayəndələri Tofiq əl Ğamidi və Həttan əl Bağdadi bildiriblər ki, bundan sonra da Azərbaycandakı məcburi köçkünlərə bu cür humanitar yardımlar davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi