Bakı. 10 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasının
"Report" xəbər verir ki, bu nizamnamə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin fəaliyyətini tənzimləyir.
Müəssisə - milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir.
Müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki yaşayış evi olmaqla, xidmətin vahid sisteminə daxildir.
"Məzun ev"i Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1 ünvanında yerləşir.
Nizamnaməyə görə, müəssisədə ödənişli məişət və ictimai iaşə xidmətləri göstərilə bilər.
Öz fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək, məzunların işlə və daimi yaşayış yeri ilə təmin olunması istiqamətlərində tədbirlər görmək, bu məqsədlə hüquqi və fiziki şəxslərə müraciət etmək, qəbul edilmə və çıxarılma müəssisənin hüquqlarına daxildir.
Müəssisəyə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları, onların öz istəkləri nəzərə alınmaqla, qəbul edilirlər.
Müəssisəyə müraciətlə bağlı sənədlərə xidmət tərəfindən 10 iş günü müddətində baxılaraq, məzunlara müəssisədə yaşayış sahəsinin verilməsi və ya yaşayış sahəsinin verilməsindən imtina edilməsi barədə qərar qəbul edilir.
Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdud və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, sənədlərə baxılanadək müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, ətrafdakılara təhlükə yaradan yoluxucu xəstəliklərin daşıyıcısı olduqda, yaşayış sahəsinin verilməsi haqqında qərar qəbul edildikdə məzuna yaşayış sahəsi verilməsindən imtina edilməsi barədə qərar qəbul edilir:
Məzunun əvəzsiz istifadəyə götürdüyü yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüququ yoxdur.
Müəssisədə hər bir mənzil bir məzun üçün nəzərdə tutulub.
Ərazidə yaşayan məzunlar ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürə də bilərlər.
"Məzun evi"nə qəbul edilən məzunların kommunal xərcləri ilk 6 ay müddətində müəssisə tərəfindən ödənilir.
Burada məskunlaşmış dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərcləri onların təhsil aldığı müddətdə müəssisə tərəfindən qarşılanır.
Müəssisənin maliyyələşdirilməsi dövlət büdcəsindən ayırmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxilolmalar hesabına həyata keçirilir.
Burada işçilərinin əməyi vaxtamuzd əməkhaqqı sistemi üzrə ödənilir.