Yuxarı

Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələrin sayı azalıb

Hadisələr zamanı xəsarət alanların sayında 3,4 dəfə azalma qeydə alınıb

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələrin sayı azalıb. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) işəgötürənlərin əməyin mühafizəsinin təmin olunmasına diqqətin artırılması məqsədilə həyata keçirdiyi tədbirlər ölkədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının cari ilin may ayında ciddi şəkildə azalmasına səbəb olub. 

Belə ki, ötən ay istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin may ayı ilə müqayisədə 2,2 dəfə azalaraq 11-ə enib. Həmçinin bu hadisələr zamanı xəsarət alanların sayında 3,4 dəfə azalma qeydə alınıb. Baş vermiş istehsalatla əlaqəli bədbəxt hadisələrlə bağlı olaraq, DƏMX tərəfindən müvafiq qaydada təhqiqat işləri aparılaraq qanunauyğun tədbirlər görülüb.

Bu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 44 faiz, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 47,2 faiz, xəsarət alanların sayı isə 2,1 dəfə azalıb. 2014-cü ilin 5 ayında qrup halında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 15 olduğu halda, bu ilin yanvar-may aylarında belə hadisə özünü göstərməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi