Yuxarı

​Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlanıb

Nazir: “Azərbaycanda 570 min nəfər əlilliyi olan şəxs var ki, bunlardan da 67 min nəfəri 18 yaşadək olan uşaqlardır”

Bakı. 30 iyun. REPORT.AZ/ "Azərbaycanda sosial cəhətdən həssas əhali qrupları ilə bağlı həyata keçirilən siyasətin əsas məqsədi onların da cəmiyyətin digər üzvləri kimi bərabərhüquqlü, dolğun həyat şəraitinə malik olmalarının və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsidir".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Sosial həyat” jurnalında dərc olunan “Azərbaycan Respublikasında sosial inteqrasiya” adlı məqaləsində bildirib.

S.Müslümov bildirib ki, hazırda Azərbaycanda 570 min nəfər və ya ölkə əhalisinin 5,96%-i qədər əlilliyi olan şəxs var ki, bunlardan da 67 min nəfəri 18 yaşadək olan uşaqlardır: "Azərbaycanın bütün ərazisini əhatə edən 15 əlillərin bərpa mərkəzi, o cümlədən Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılan Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyət göstərir. Təkcə 2015-ci ildə bu mərkəzlər tərəfindən 7180 nəfər əlilliyi olan şəxsə tibbi-sosial bərpa xidməti göstərilib. Ötən il ərzində Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1194 aşağı ətraf protezi, 1143 ortez, 1710 dirsəkaltı ağac, 3738 əsa, 3923 ortopedik ayaqqabı, 1273 əlil arabası, 539 eşitmə aparatı və s. vasitələr olmaqla, cəmi 34 min reabilitasiya vasitəsi pulsuz olaraq əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara verilib. Eyni zamanda, 2015-ci il ərzində 135 nəfər əlilliyi olan şəxs və 130 sağlamlıq imkanı məhdud uşaq valideynlərindən biri ilə bərabər ölkə hüdudlarından kənarda dövlət hesabına bərpa müalicəsi ilə təmin ediliblər. Bundan əlavə, son iki il ərzində 1933 nəfər hərbi əlil avtomobillə, 132 gözdən əlil şəxs və 212 nəfər Qarabağ müharibəsi əlili evlə təmin olunublar”.

Nazir bildirib ki, hazırda Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa edilən Gözdən əlil gənclər üçün Tədris-Bərpa Mərkəzinin tikintisi başa çatdırılmaq üzrədir. Burada gözdən əlil gənclərə sosial-psixoloji yardım göstəriləcək, onlar müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb ediləcəklər. Mərkəzin yaxın aylarda istifadəyə veriməsi planlaşdırılır.

Nazir bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən əlillərin bərpa mərkəzlərinin fəaliyyətinin mütərəqqi beynəlxalq təcrübəyə əsaslanaraq tibbi modeldən sosial reabilitasiya modelinə keçidi konsepsiyası hazırlanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi