Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi “İşsizin dostu” proqramı çərçivəsində Gənclər və İdman Nazirliyi ilə birgə layihəyə başlayır.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, yeni layihə əsasında Mərkəz həmin Nazirliyin qurumlarında yaxın günlərdə 340 nəfəri ödənişli ictimai işlərlə təmin edəcək. Bu qurumlar ölkənin bütün bölgələrini əhatə edir. Layihəyə cəlb olunacaq şəxslərin hər biri ilə əmək müqaviləsi imzalanacaq.
“İşsizin dostu” proqramı ilkin peşə hazırlığı olmayan şəxslərin məşğulluq və əmək bazarına çıxış imkanlarının artırılmasında mühüm rola malikdir.
Proqram çərçivəsində ictimai işlərin görüldüyü fəaliyyət sahələri müxtəlif qurumlarla birgə layihələr əsasında getdikcə genişlənir. Bununla proqrama cəlb olunan şəxslərə həmin sahələr üzrə ilkin peşə bacarıqları qazanmaq imkanı da yaradılır.