Yuxarı

Azərbaycanda bu ilin yanvar ayında 5 min ölüm faktı qeydə alınıb

Ölkədə əhalinin demoqrafik vəziyyəti açıqlanıb

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb. Dövlət Statistika Komitəsindən (DSK) "Report"a verilən məlumata görə, bu ilin fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9713,5 min nəfərə çataraq ilin əvvəlindən 7,9 min nəfər və ya 0,1 faiz artıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1007 nəfər qadın düşür.

Məlumatda o da qeyd olunub ki, bu ilin yanvar ayı ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12,7 min körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 15,7 təşkil edib. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub.

Bundan başqa, 2016-cı ilin yanvar ayında ölkədə 5 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,1-ə qədər azalıb.

Cari ilin ilk ayı ərzində qeydiyyat şöbələri tərəfindən 4 500 nikah və 1 000 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,2 olub.

Eyni zamanda, cari ilin yanvar ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 192 nəfər gələn və 117 nəfər ölkədən gedən qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi