Yuxarı

​Azərbaycanda 600-dən çox vətəndaşa yerlərdə əmlak sənədləri verilib

İmkanı olmayan şəxslərə yerlərdə xidmət göstərilir

Bakı. 28 noyabr. REPORT.AZ/ “Azərbaycanda yaradılan “mobil ofis”lər problemli, əlil, yaşlı insanlara, həmçinin digər rayon və şəhər mərkəzlərinə getmək imkanı olmayan şəxslərə yerlərdə xidmət göstərir”. Bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib. Onun sözlərinə görə artıq 600-dən çox vətəndaş bu xidmətdən istifadə edib:

“Bəzi insanlar var ki, yaxın keçmişdə sənədlərini qeydiyyatdan keçiriblər, bu gün o sənədlərin çıxarışla əvəzlənməsi problemi yaşayırlar. Məhz bundan ötrü biz “mobil ofis”ləri rayonların ucqar kəndlərinə göndəririk. Biz bunu Saatlı və Şəmkir rayonlarında həyata keçirdik.Ümumilikdə 600-dən çox vətəndaşa yerlərdə sənədlər verdik. Gələcəkdə Qəbələ rayonunun Vəndam kəndində və başqa rayon ərazilərində də reallaşdırmağı düşünürük. Məndə olan məlumata görə artıq Qəbələdə 300-dən çox vətəndaş mobil ofislərdən istifadə etmək üçün artıq müraciət edib”.

Qeyd edək ki, bu gün Bakıda 56 ölkənin əmlak komitələrinin nümayəndələrinin iştirakı ilə “BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti” mövzusunda beynəlxalq birgə seminar öz işinə başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi