Azərbaycanda 2025-ci ilə qədər əhalinin artım tempi açıqlanıb

Azərbaycanda 2025-ci ilə qədər əhalinin artım tempi açıqlanıb ​ƏƏSMN-də həyat səviyyəsinin təhlili və aktuar hesablamalar sahəsində aparılan işlər nəzərdən keçirilib
Sosial müdafiə
21 May , 2015 15:43
Azərbaycanda 2025-ci ilə qədər əhalinin artım tempi açıqlanıb

Bakı. 21 may. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Məlumat mübadiləsi saatı"nın növbəti iclası keçirilib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iclas həyat səviyyəsinin təhlili və aktuar hesablamalar, habelə Türkiyənin sədrlik etdiyi G-20 iştirakçı-ölkələrinin Məşğulluq üzrə İşçi qrupu çərçivəsində keçirilən toplantılarda iştirakın təmin olunması sahəsində görülən işlərə həsr edilib.

Nazir Səlim Müslümov bildirib ki, əhalinin həyat səviyyəsi və qabaqcıl dünya təcrübəsi öyrənilməklə, ümumiləşmiş obyektiv məlumatlar, sosial-iqtisadi sahə ilə bağlı statistik göstəricilər əsasında təhlillər və aktuar hesablamalar, tədqiqatlar aparılır, sosial sahə ilə bağlı islahatlar kursunun, hüquqi-normativ bazanın təkmilləşdirilməsi üçün səmərəli təkliflər, büdcə və aktuar proqnozlar hazırlanır. 

O, ölkədəki işsizlik səviyyəsinin 4,9 faiz olmaqla, Avropa məkanındakı 11,5 faizlik, Avropa Birliyindəki 10 faizlik göstəricidən aşağı olduğunu qeyd edib: "Demoqrafik göstəricilər əsasında aparılan təhlillər isə ölkə əhalisinin 2005-2015-ci ilə olan dövrdə 1 milyon 145 min 600 nəfər artdığını göstərir. Verilən statistik məlumatlar əsasında aparılmış proqnoza əsasən 2025-ci ildə doğulanların sayının 205 300 nəfərə (təbii artım 1,34 faiz sabit qalmaqla) çatacağı, əhalinin sayının 10 milyon 970 min 300 nəfər təşkil edəcəyi gözlənilir".

S. Müslümov, həmçinin doğulan uşaqların sayında gender disbalansının mövcud olduğunu, 2014-cü ildə ölkədə doğulanların 53,6 faizini oğlanların, 46,4 faizini qız uşaqları təşkil etdiyini, bu disbalansın da orta perspektivdə əmək bazarına və sosial sferaya təsirinin araşdırılaraq qiymətləndirildiyini və müvafiq təkliflər hazırlandığını diqqətə çatdırıb. 

Nazir əlavə edib ki, məşğulluq səviyyəsinin və ümumən rifah göstəricilərinin yüksəlməsi əhalinin sayının getdikcə artması şəraitində ünvanlı dövlət sosial yardımı alanların sayının azalması ilə müşahidə olunur. Əgər 2008-ci ildə ölkədə bu yardımı alan ailələrin sayı 160 mindən yuxarı idisə, 2014-cü ilin sonunda bu rəqəm 92,5 minədək azalıb".

Son xəbərlər

Orphus sistemi