Bakı. 1 aprel. REPORT.AZ/ Bu günə olan ilkin məlumata əsasən, Azərbaycan üzrə əmək pensiyası alan şəxslərin sayı 1293,2 min nəfərdir. "Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyev deyib.
Onun sözlərinə görə, pensiyaçıların 783 518 nəfərini və ya 60,6 faizini yaşa görə, 369 170 nəfərini və ya 28,5 faizini əlilliyə görə, 140 515 nəfərini və ya 10,9 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir: "Ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 29,8 manat olduğu halda, 1 yanvar 2007-ci il tarixə 41,1 manat, 1 yanvar 2008-ci il tarixə 62,9 manat, 1 yanvar 2009-cu il tarixə 95,8 manat, 1 yanvar 2010-cu il tarixə 100,4 manat, 1 yanvar 2011-ci il tarixə 112,9 manat, 1 yanvar 2012-ci il tarixə 145,1 manat, 1 yanvar 2013-cü il tarixə 152,0 manat, 1 yanvar 2014-cü il tarixə 170,5 manat təşkil edib, hazırda isə bu rəqəm 175,1 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 194,6 manata çatıb".
Şöbə müdiri qeyd edib ki, yeni sistemin fəaliyyətə başladığı dövrdən bu günə qədər əmək pensiyalarının baza məbləği 4 dəfə artıb: "Həmçinin müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş verən inflyasiyaya uyğun olaraq 2007-ci ilin yanvarın 1-dən 8,3 faizlik, 2008-ci ilin yanvarın 1-dən 16,7 faizlik, 2009-cu ilin yanvarın 1-dən 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən 1,5 faizlik, 2011-ci il yanvarın 1-dən 5,7 faizlik, 2012-ci il yanvarın 1-dən 7,9 faizlik, 2013-cü il yanvarın 1-dən 1,1 faizlik, 2014-cü il yanvarın 1-dən 2,4 faizlik, 2015-ci il yanvarın 1-dən 1,4 faizlik artım tətbiq edilib".