Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan yoxsulluğun azaldılması istiqamətində atdığı addımlara görə, 129 ölkə içərisində xüsusi yer tutub. "Report" xəbər verir ki, bunu I Azərbaycan Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə konfransda çıxış edən FAO-nun Azərbaycan üzrə nümayəndəsi Mustafa İmir deyib.
M.İmirin sözlərinə görə, hazırda Azərbaycanda əhalinin böyük bir hissəsi kənd təsərrüfatı sahəsində çalışır:
"Hazırda Azərbaycan əhalisinin 35-37%-i kənd təsərrüfatı sahəsində çalışır. Hələ də onlar gəlirlərinin böyük bir hissəsini qidalanmaya xərcləyir. Sosial rifah şəraiti yaxşılaşdıqda bu rəqəm də aşağı düşəcək. İndi Azərbaycan yoxsulluğun azaldılması istiqamətində mühüm addımlar atır. Məhz buna görə, Azərbaycan 129 ölkə siyahısında önəmli yer tutur. Hətta Azərbaycan yoxsulluğun səviyyəsini 40%-dən 5%-ə saldığı üçün ilk 23 ölkə sırasında yer alıb", - deyə FAO nümayəndəsi bildirib.