Görüşdə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin rəsmiləri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndələri, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Namık Ata da iştirak ediblər.
Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan S.Müslümov zaman ötdükcə bu əməkdaşlığın daha da möhkəmləndiyini diqqətə çatdırıb: “İki qardaş ölkənin əmək və sosial müdafiə sahələrində də uğurla davam etdirilməsi məmnunluq doğurur. Keçən ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, sosial müdafiə və məşğulluq sahəsində də əməkdaşlığa dair Saziş imzalandı. Bu sənəddən irəli gələn məsələlərin həlli istiqamətində hər iki tərəfin yekdil mövqedən gördüyü mühüm işlər əməkdaşlığımızın inkişafına öz dəyərli töhfəsini verir”.
Nazir Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı aparılan dövlət siyasətindən, bu təbəqədən olanlara dövlət qayğısının daim artmasından söz açıb. O bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların sosial təminatının artırılması, reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün müvafiq işlər görülür. Belə uşaqların pulsuz ixtisaslı tibbi xidmətdən istifadəsi, bərpa-müalicəsi, məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil alması və s. üçün ölkəmizdə dolğun hüquqi baza mövcuddur: “Digər tərəfdən uşaqların dövlət himayəsində yaşadığı müəssisələrdə Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb, həmin müəssisələr lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunub. Eyni zamanda dövlət sosial sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən icra olunan layihələr çərçivəsində ölkənin müxtəlif bölgələrində günərzi qayğı və reabilitasiya mərkəzləri yaradılaraq, sözügedən uşaqlara çoxçeşidli reabilitasiya xidmətləri göstərilir”.
Ölkədə bu sahədə iş mexanizmlərinin təkmilləşdirilməsi üçün aparılan işlərdə Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edən S.Müslümov eyni zamanda əlillərə xidmət sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın əhəmiyyətinə toxunub. Nazir “Beyazay” Dərnəyi tərəfindən ölkəmizdə “Türkiyə-Azərbaycan Əlillərinin Dostluq günü” tədbirinin təşkilini yüksək dəyərləndirib və bu tədbirin əlillik məsələlərinin həlli ilə bağlı fikir və məlumat mübadiləsində əhəmiyyətli olacağını vurğulayıb.
“Beyazay” Dərnəyinin sədri Lokman Ayva iki ölkə arasında əməkdaşlığın inkişafını qeyd edərək, bu əməkdaşlığın əlilliyi olan şəxslərin sosial müdafiəsi məsələləri, xüsusən əlilliyi olan şəxslərin bərpa müalicəsi sahəsində də davam etdirilməsinin qarşıda duran vəzifələrdən olduğunu bildirib. Millət vəkili Nimet Baş “Beyazay” Dərnəyi barədə məlumat verərək bildirib ki, bu dərnək artıq 20 ildən çoxdur əlilliyi olan şəxslərə xidmət göstərir. Türkiyə daxilində 72, ölkə xaricində 4 olmaqla, ümumilikdə 76 şöbəsi olan bu təşkilat bir sıra ölkələrlə (Şimali Kipr, Suriya, Yunanıstan, Gürcüstan, Bolqarıstan) əlilliyi olan şəxslərə xidmət sahəsində birgə layihələr icra edir. Dərnək qarşıdakı dövrdə Azərbaycanla da əməkdaşlıq əlaqələrini gücləndirmək əzmindədir.
Görüşdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha çox inteqrasiyası sahəsində görülən işlərə dair qarşılıqlı məlumatlar verilib, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.